Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumu açılış mərasimindən sonra günün ikinci yarısında “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel iclasla davam edib.
"Report" xəbər verir ki, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayevin moderatorluğu ilə keçən iclasda Fransanın "Musuomans en Franse" jurnalınin baş redaktoru Jan Mişel Brunun “Nizaminin fransız maarifçilik fəlsəfəsinə təsiri” adlı məruzəsi dinlənilib. Natiq bildirdi ki, Nizami xalq konsepsiyasına dərindən bələd olan mütəfəkkir kimi sonrakı dövrlərdə bir çox dövlətlərin siyasi və mədəni baxışlarına təsir göstərib. Nizami barış və istiqlal tərəfdarı idi: “Biz Nizaminin “Xəmsə”sində bu çağırışları açıq-aydın görürük. Yalnız azad insanlar Nizami əsərlərindən ilham ala bilərlər. Biz təminatlı və intizamlı cəmiyyət yaratmaqla Nizami ideyalarına əməl etmiş olarıq. Bunun üçünsə Nizaminin təbliğ etdiyi kimi elm yeganə çıxış yoludur”.
Rusiya Milli Kitabxanası Əlyazmalar departamentinin şərqşünaslıq sektorunun müdiri Olqa Vasilyeva “Xəmsə”nin Buxara nüsxəsi” mövzusunda məruzə edib. Bildirib ki, Nizaminin 880 illiyi ilə əlaqədar kitabxanada şairin irsinə həsr edilmiş “Sözün sehrbazı” adlı bölmə fəaliyyətə başlayıb. Məruzəçi həmçinin Rusiya Milli Kitabxanasında qorunan 1656-cı ilə aid Buxara əlyazması olan “Xəmsə”nin özəlliklərindən, kitabda yer alan miniatürlərdən də söz açıb.
Ərzurum Atatürk Universitetinin professoru Nemət Yıldırım “Nizami Gəncəvi və “İskəndərnamə”, Kırıkkale Universitetinin professoru Adnan Kara İsmayıloğlu isə “Nizami Gəncəvinin kimliyi və Şərqin ədəbiyyat tarixi üzərində arqumentləri” mövzularında çıxış ediblər. Qeyd olunub ki, tarix türk millətinin elə bəşəri sərvətlərini öz səhifələrində əbədiləşdirib ki, onlar öz həyatları, duruşları, fikirləri, danışıqları, əsərləri ilə dünya fırlandıqca bizə yolumuzu, istiqamətimizi göstərməkdə davam edir. Bundan əlavə, onlar itirilmiş insanlığa, səmimi olaraq həqiqəti axtaranlara bələdçi olmağa davam edəcəklər. Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə öz dövrünü qabaqlamış, ülvi məhəbbət, milli köklərə bağlılıq, ədalətli cəmiyyət, əməksevərlik kimi ən mühüm mövzulara toxunan kamil söz ustadıdır.
Məruzələrdən sonra mövzular ətrafında diskussiyalar aparılıb.
Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri
Günün ikinci panel iclas “Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusunda İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sininin moderatorluğu ilə keçirilib.
İlk olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı, Praktiki Ali Araşdırmalar Məktəbinin (EPHE) doktoru, mətnlər və müasir ideologiyalar tarixi üzrə mütəxəssis Kərim İfrakın çıxış edib. O, “Dünya ədəbiyyatında Nizami təsiri” mövzusunda məruzəsində Nizaminin Avropa mədəniyyətinə təsirindən söz açıb. Nizaminin zəngin yaradıcılığı Çoser, Şekspir, Dante, Bokkaçço, Şiller, Höte, Balzak, M.Tven, Volter və başqa dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun "Leyli və Məcnun" poemasına 500-dən çox nəzirə yazılıb.
Avropa xalqlarının ədəbiyyatlarında da Nizami Gəncəvinin yaradıcılığı ilə səsləşən və "Xəmsə"nin təsiri ilə əsərlər yazılıb.
Bokkaççonun "Ameto" povesti, K.Qozzinin "Yarı ciddi, yarı zarafat" ("Turandot") nağıl tamaşası, Y.Hammerin "Şirin" poeması, Volterin "Zadiq, yaxud tale" povesti, M.Tvenin "Tom Soyyer xaricdə" romanında və başqa əsərlərdə, eyni zamanda, Şillerin "Turandot" pyesində Nizami Gəncəvinin təkcə "Yeddi gözəl" poemasının süjet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir. Hötenin "Qərb-Şərq Divanı"nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunmuş və öz həqiqi qiymətini almışdır.
Bəstəkarlardan K.Beber, F.Buzoni, C.Puççini Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında musiqi əsərləri bəstələmişlər.
Volterin 1746-cı ildə yazmış olduğu fantastik və macəra süjetləri ilə zəngin "Zadiq, yaxud tale" əsərinə həmin kitabın təsirini 1931-1959-cu illər arasında Böyük Britaniya Parlamentinin üzvü olmuş ingilis tədqiqatçısı M.P.Konant belə göstərmişdi: "Onların (Sərəndipin üç gənc oğlunun - M.İ.) Bəhram şahın ölkəsindəki ilk macərasını Volterin "Zadiq"də təqlid etdiyi həqiqətə uyğundur".
XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə "Məcnun və Leylinin məhəbbəti" mənzum poemasını qələmə almış və bu əsər əsasında İsaak Brandon "Qeys, yaxud səhrada məhəbbət" adlı opera bəstələmişdi. Məruzəçi dünya ədəbiyyatında Nizamidən təsirlənən çoxsaylı nümunələri panel iştirakçılarının diqqətinə təqdim etdi.
Pakistan Milli Akademiyasının Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavaha mədəni müxtəlifliyi bir araya gətirən Forumçuin təşkilatçılarına minnətdarlığını ifadə edib. Diqqətə çatdırıb ki, Rumi və Nizami yaradıcılığı ölkəsində ən çox müraciət edilən mövzudur. İrland işğalına qədər Pakistanda fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq qavranılıb. Biz istərdik ki, müasir gənclik də Nizami ideyalarını öyrənsin və gələcəyə ötürsün.
Macarıstanın Karoli Gaspar Universitetinin professoru Miklos Sarkozi ölkəsində Nizami tədqiqatçıları ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, Nizami irsinin tədqiqinin Macarıstanda 500 illik tarixi var. İlkin dövrdə Osmanlılar onu təbliğ edirdilər. Macarıstan 150 il Osmanlı tərkibində olduğundan həmin dövrdə geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur. Vyanada qorunan bu əlyazmanın əsas nüsxəsi “Xəmsə”nin xülasə formasıdır. Macarıstanın tanınmış alimləri Reyc, A. Vambery, V. Bacher, S.Kegi Nizami yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar müəllifi kimi tanınırlar. Kegi 1980-ci illərdə Azərbaycana səfər etmiş və Bakı xüsusən də Nizami Gəncəvi haqqında kitab yazmışdır. O öz əsərlərində dəfələrlə Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.
Məruzələrdən sonra çıxışçılar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Panel iclas müzakirələrlə davam edib.
Qeyd edək ki, forum noyabrın 26-dək davam edəcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində "Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.
"Report" xəbər verir ki, Forumda mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmedoviç Nazarbekov və başqaları iştirak edirlər.
Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunur.
Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.