Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan forum keçirilib.
"Report" xəbər verir ki, tədbir Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və İCOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Forumda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, İCOMOS-un vitse-prezidenti, Zeynəb Gül Ünal, Memarlar İttifaqının sədri Elbay Qasımzadə və mədəniyyətşunaslar iştirak ediblər.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışında bu gününün qeyd olunmasının əhəmiyyətindən danışıb: "Dünən İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünalla birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş verən dağıntıları gördük, lakin eyni zamanda yeni reallığa, dövlətimizin quruculuq işlərinə şahidlik etdik”.
İCOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib: "İCOMOS - Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası sahəsində çalışan təşkilatdır və UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur". O, Azərbaycanda İCOMOS Milli Komitəsinin yaradılmasını alqışlayaraq quruma işində uğurlar arzulayıb.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxışında ölkədə olan abidələrinin özünəməxsus xüsusiyyətlərindən bəhs edib. O, işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi üçün böyük zaman lazım olduğunu bildirib: "Ağdam kimi bir şəhərimizi ermənilər darmadağın edib. Qarşımızda çox mühüm vəzifələr durur. Bizə zaman, insan və vəsait lazımdır".
Daha sonra forum öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.