Əhməd Cavad İnstitutunun rəhbəri: Bu mərkəz türkçülük ideyalarını gələcəyə aparmaq məqsədilə qurulub

Əhməd Cavad İnstitutunun rəhbəri: Bu mərkəz türkçülük ideyalarını gələcəyə aparmaq məqsədilə qurulub “Çırpınırdı Qara dəniz” şeiri ilə Azərbaycan və Türkiyədə istiqlal şairi olaraq tanınan Əhməd Cavadın adına yaradılan institut türk dünyasının varlığını, köklü keçmişini, türk şüurunu, əqidəsini, amalını və türkçülük ideyalarını gələcəyə daşımaq məqsədi
Mədəniyyət siyasəti
18 İyun , 2024 12:42
Əhməd Cavad İnstitutunun rəhbəri: Bu mərkəz türkçülük ideyalarını gələcəyə aparmaq məqsədilə qurulub

“Çırpınırdı Qara dəniz” şeiri ilə Azərbaycan və Türkiyədə istiqlal şairi olaraq tanınan Əhməd Cavadın adına yaradılan institut türk dünyasının varlığını, köklü keçmişini, türk şüurunu, əqidəsini, amalını və türkçülük ideyalarını gələcəyə daşımaq məqsədi ilə qurulan mərkəzdir.

Bunu “Report”un Ankara bürosuna Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş məsləhətçisi, keçmiş millət vəkili, professor Ruhi Ərsoy bildirib.

MHP sədri Dövlət Baxçalının tövsiyəsi ilə partiyanın nəzdində qurulan instituta rəhbərlik edən Ruhi Ərsoy deyib ki, Əhməd Cavad türk dünyasında mübarizə simvoluna çevrildiyi üçün bu institut elmi mərkəz olaraq türkçülük uğrunda özünü fəda edən aydınların da öyrənilməsinə, tanıdılmasına xidmət edəcək:

“İlk olaraq, sədrimiz Dövlət Baxçalının bu mövzuya çox həssaslıqla yanaşdığını qeyd etmək istərdim. Türk dünyasının birlik və rifah içində yaşamasına bizim partiyanın da bir dəstəyi olması məqsədi ilə institutun yol xəritəsini hazırladıq. İki fərqli nüsxədə kataloq tərtib etdik. Türk dünyasının bu günü və sabahı üçün tarixdə iz qoymuş, 1930-cu illərdən başlayaraq repressiya zülmünə məruz qalan digər ziyalıların da adını kataloqlara daxil etdik. Mikayıl Müşfiq, Hüseyn Cavid və sürgün edilən digərlərinin adları da bu kataloqda var. Başda Əhməd Cavad olmaqla, repressiya qurbanlarının həyat və yaradıcılıqlarını, ədəbi-elmi fəaliyyətlərini öyrənib türk ictimaiyyətinə tanıtmaq məqsədilə fəaliyyətə start verdik. Bu nüsxələr hörmətli sədrimizə də təqdim ediləcək, müzakirələrdən sonra qəbul edilən variant çoxaldılacaq və təşviq üçün yayılacaq”.

Ə.Cavad haqqında araşdırmalar aparan, bu mövzuda elmi iş müdafiə edən magistr və gənc tədqiqatçılara institutun fondu tərəfindən təqaüdlər veriləcəyini qeyd edən professor özünün də şair haqqında əsaslı araşdırmaları olduğunu vurğulayıb. O qeyd edib ki, bu tədqiqat işləri barədə yaxın zamanlarda sənədli film çəkiləcək:

“Əhməd Cavad Azərbaycan və Türkiyə türklüyünü bütövlükdə görən şəxsiyyətdir. Onun haqqında seminarlar və simpoziumlar təşkil edəcəyik. Bundan başqa, gənc tədqiqatçılar onun haqqında indiyədək bilinməyən dəyərli məlumatlar təqdim edərlərsə, onların bu elmi fəaliyyətlərinə də təqaüdlər veriləcək”.

R.Ərsoy institut daxilində müfəssəl arxiv yaradılması, ədəbi-mədəni və incəsənət tədbirlərinin təşkil olunması kimi fəaliyyətlərin nəzərdə tutulduğunu bildirib. O əlavə edib ki, institutun ilk iclasının mayın 28-də, Azərbaycanın Müstəqillik günündə keçirilməsi də rəmzi xarakter daşıyırdı və iclasda idarə heyətinin üzvləri Prof. Dr. İlyas Topsakal, Prof. Dr. Muhammet Hanifi Macit, Dos. Dr. Esma Özdaşlı, Dos. Dr. Turan Şahin, Dr. Elnur Paşa, Kadir Yıldız və Özgür Bayraktar iştirak ediblər:

“Əhməd Cavad İnstitutunun Türk dünyasına verəcəyi töhfələr, qarşımızda duran layihələr və hədəflərimizi müzakirə etdik. Azərbaycanın Müstəqilliyinin bərpası günündə - oktyabrın 18-də institutun təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Ankaradakı Simfonik Orkestr binasında bayram konsertinin olmasını da planlaşdırırıq”.

Qeyd edək ki, Dövlət Baxçalının göstərişi ilə 2024-cü il mayın 5-də MHP-nin Baş Qərargahı nəzdində Əhməd Cavad adına İnstitut yaradılıb.

Son xəbərlər

Orphus sistemi