"ABŞ-dan olan tədqiqatçı Betti Bleyrin “Əli və Nino” kitabının müəllifinin kim olması barədə apardığı araşdırmalara görə, kitab üçün ilkin materialı azərbaycanlı yazıçı Yusif Çəmənzəminli toplayıb".
Bunu “Report”a romanın baş qəhrəmanlarının mümkün prototipləri ilə qohumluq bağları olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, Qərbdə əsərin müəllifinin Lev Nussimbaum olması ilə bağlı versiya olsa da, bir çox faktlar əsərin ən azı əsasını təşkil edən materialları Y.Çəmənzəminlinin topladığını göstərir.
O vurğulayıb ki, onun bu araşdırma ilə maraqlanmaqda və orada şəxsən iştirak etməkdə şəxsi motivləri olub.
"Yusif Çəmənzəminli mənim ulu babam, azərbaycanlı Əlipaşa Əliyev və ulu nənəm, gürcü Aleksandranın qonşusu olub. Nənəmin adı Tamara idi, yadınızdadırsa, “Əli və Nino” romanında qızı Tamar çağırırdılar. Oxşar məqamlar çoxdur, ona görə də romanın ilkin variantının Çəmənzəminliyə məxsus olması ehtimalı yüksəkdir”, - F.Şəfiyev bildirib.
Onun sözlərinə görə, Bleyer belə qənaətə gəlib ki, kitabın son müəllifi heç şübhəsiz ki, taleyin hökmü ilə Almaniyaya gedib çıxmış Bakı yəhudisi olan Lev Nussimbaumdur. Bununla belə, romanda başqa bir şəxsin materiallarından istifadənin mümkünlüyünü açıq şəkildə göstərən detallar var.
"Yusif Çəmənzəminlinin ilk yaradıcı təxəllüsü Əlixan olub və o, bir müddət diplomat kimi fəaliyyət göstərib. Prinsipcə, bu, romanın baş qəhrəmanı Əlinin taleyinə bənzəyir. Bleyer iddia edir ki, Çəmənzəminli bu roman üzərində işləməyə başlayıb, lakin sonradan 1926-cı ildə Sovet Azərbaycanına qayıtmaq qərarına gəlib. Aydındır ki, o, qəhrəmanı Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir roman yaza bilməzdi, ona görə də əlyazması yarımçıq qalıb. Sonra əlyazmalar hansısa yolla Lev Nussimbaumun əlinə keçib. Sübut olunub ki, Lev Nussimbaumun yaradıcılığında plagiatlar çoxdur”, - o qeyd edib.
Əsərin ilkin müəllifinin Azərbaycan yazıçısı Yusif Çəmənzəminli olduğunu göstərən daha bir nüans kitabda yalnız azərbaycanlının yaza biləcəyi məqamların olmasıdır.
"Bir tərəfdən, əsərin əvvəlində Azərbaycana böyük sevginin ifadə olunduğu məqamları görürük. Elə təfərrüatlar da var ki, 14 yaşında Azərbaycanı tərk edən Nussimbaum sadəcə bilə-bilməzdi. Yəni hiss olunur ki, müəllif ölkəni çox gözəl tanıyır. Digər tərəfdən, romanda azərbaycanlılar haqqında çox xoşagəlməz rəylər var. Bunlar isə açıq-aşkar L.Nussimbaumun sonradan etdiyi əlavələridir”, - o deyib.
Son olaraq F.Şəfiyev yaxın gələcəkdə Lev Nussimbaumun həyatından bəhs edən film çəkmək niyyətində olduğunu diqqətə çatdırıb.