Fransanın paytaxtı Parisdə azərbaycanlı şairə Ülviyyə Axundova və azərbaycanlı pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə poeziya axşamı keçirilib.
“Report”un Fransa bürosu xəbər verir ki, Fransa Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə Rus Ortodoks Mədəniyyət Mərkəzində baş tutan peziya axşamında fransalı iş adamları, mədəniyyət xadimləri, musiqiçilər və digər şəxslər iştirak ediblər.
Pianoçu N.Dadaşova şairə Ü.Axundovanı müşayiət edib.
Proqrama azərbaycanlı bəstəkarlarla yanaşı dünya və rus musiqi bəstəçilərinin də əsərləri daxil edilib. Azərbaycan bəstəkarlarından Qara Qarayev, rus bəstəkarlarından S.Raxmaninov, fransız C.Debussinin əsərləri səsləndirilib.
Sorbona Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə məzunu, şair, yazıçı, tərcüməçi Ülviyyə Axundova 2012-2024-cü illərdə Bakıdakı YARAT Müasir İncəsənət Mərkəzində ictimai proqramlar şöbəsinə, həmçinin kino, teatr, musiqi və ədəbiyyat sahəsində layihələrə rəhbərlik edib.
2016-cı ildə onun"Nəfəs al" və 2022-ci ildə "Çılpaq həqiqət" şeir və hekayələr toplusu nəşr olunub və Moskva, Praqa və Budapeştdə təqdim olunub.
Ü.Axundova həm də Baninin iki avtobioqrafik romanı olan "Qafqaz günləri" və "Paris günləri"nin fransız dilindən rus dilinə tərcüməsinin müəllifidir.
Nazxanım Dadaşova Mərkəzi Musiqi Məktəbinin və Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə, festivalların laureatıdır. O 2009-cu ildə “Viva Musica” müsabiqəsinin, 2012 və 2014-cü illərdə Parisdə Rubinşteyn Müsabiqəsinin qalibi olub. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilib.