Əgər məni Bakının Baş planı üzərində işlərə cəlb etsəydilər, ekoloji təmiz nəqliyyatın bərpa edilməsində israr edərdim.
Bunu “Report”a müsahibəsində Bakının tarixi və memarlığı sahəsində tədqiqatçı Fuad Axundov deyib.
“Tramvay, trolleybus Bakıya qayıtmalıdır. Onlar ultramüasir olmalıdırlar. Bir çoxları deyir ki, təəssüf ki, tramvayı məhv etdilər. Amma etiraf etmək lazımdır ki, həmin an başqa çarə də yox idi. Tramvay şəbəkəsini o zaman ya tam dəyişmək lazım idi, amma buna o zaman vəsait yox idi, ya da məhv edilməli idi. Mən tramvay infrastrukturunu məhv edənləri tənqid etmirəm”, - o deyib.
Tədqiqatçı vurğulayıb ki, Avropanın bir çox şəhərləri bu prosesdən keçiblər, amma onlar bu nəqliyyat növünü bərpa ediblər:
“Yeni tramvaylar hər biri 200-250 nəfəri tuta biləcək 5-6 vaqondan ibarət olmalıdırlar. Şəhərin əsasən mərkəz hissəsində tramvaylar böyük bir insan kütləsini daşımalıdır. Bakıda trolleybus 1941-ci il dekabrın 18-də xəttə buraxılıb. Təsəvvür edə bilərsinizmi, müharibənin ən dəhşətli vaxtlarında bu olub. Metro genişlənməlidir. Mənim arzumdur ki, nə vaxtsa Bakı metropoliteni “İçərişəhər” stansiyasından o biri tərəfə genişlənsin. Paytaxtda 1967-ci ildə metro açıblar. Bir tərəfə 32 stansiya tikiblər, amma o biri tərəfə heç nə. “İçərişəhər” stansiyası dalana dirənib qalıb. Metro Bayıl, Bibiheybətə tərəf getməlidir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.