Gürcüstanın görkəmli yazıçısı, publisisti və ictimai xadimi İlya Çavçavadzenin (1837-1907) ev-muzeylərindən biri Tbilisinin yaxınlığındakı Saquramo kəndində yerləşir. Muzeyin mərkəzdə olmaması səbəbindən ziyarətçilər arasında azərbaycanlılar çoxluq təşkil etməsə də, ekspozisiyada bir neçə eksponat hər birimizdə böyük diqqət və maraq yarada bilər.
“Report”un Gürcüstan bürosunun müxbiri ev-muzeyə baş çəkib, həmin eksponatların tarixçələri ilə maraqlanıb.
İ.Çavçavadze 1895-1907-ci illərdə həyat yoldaşı Olqa Quramişvili üçün inşa etdirdiyi üçmərtəbəli evdə yaşayıb. Tikili 2018-ci ildə Gürcüstanın mədəni irs siyahısına daxil edilib. Park və üzümlük sahəsinin də olduğu muzey kompleksində yazıçının şəxsi əşyaları, əlyazmaları, nəşr etdirdiyi “İveriya”, “Sakartvelos Moambe” (Gürcüstan xəbərləri), digər qəzetlərin nüsxələri və müxtəlif eksponatlar sərgilənir.
Gürcü millətinin mənəvi atası adlandırılan İ.Çavçavadze azərbaycanlılara qarşı rəğbəti ilə seçilib. Yazıçı Anarın 2013-cü ildə rus dilində işıq üzü görən “Azərbaycanın Ədəbiyyatı, İncəsənəti, Mədəniyyəti” adlı kitabının II tomunda gürcü ədibin yaradıcılığına da nəzər salınıb. Nəşrdə yazılıb:
“İlya Çavçavadze redaktoru olduğu “İveriya” qəzetində Azərbaycan atalar sözləri, maarifpərvər şair və mütəfəkkir Mirzə Şəfi Vazehin kəlamlarını dərc etdirib. Onun dostu və silahdaşı Akaki Tsereteli Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasını tərcümə etməyə başlayanda bu barədə həmin qəzetin səhifələrində məlumat verilmişdir. “İveriya”da İ.Çavçavadze müəllifi olduğu və azərbaycanlılara böyük simpatiyadan bəhs edən və onların milli xüsusiyyətlərinə dair bir sıra məqalələr dərc edib. O yazırdı: “Azərbaycanlı əksər cənublular kimi açıq qəlbli, sakit, təmkinli, təvazökardır. Azərbaycanlı kiməsə dəyər verirsə və etibar edibsə, o, nə xəyanət, nə də xainlik edər. Azərbaycanlı onun gözündə ağılı, təcrübə və mərdliyi ilə fərqlənənə hörmət bəsləyir”.
Zəmanəsinin azərbaycanlılarının da İ.Çavçavadzeyə böyük dəyər verməsini muzeydəki Azərbaycanın milli musiqi aləti olan tar sübut edir. Bu alət onun iş otağında kaminin üstündə yer alıb. Muzey bələdçisi deyir ki, tarı böyük ədibə Tbilisidə yaşayan azərbaycanlı usta hədiyyə edib. Alətə 4 sətrlik şeir də əlavə olunub. Ustanın adı və hədiyyənin bağışlanma tarixi də naməlumdur. İ.Çavçavadzenin tarda ifa etmədiyini qeyd edən bələdçi alət haqqında ətraflı məlumat təqdim edə bilmir. 100 ildən çox yaşı olan tar köhnəlsə və yalnız bir simi qalsa da, cazibəsini itirməyib.
1977-ci ildə rus dilində nəşr olunan “İlya Çavçavadzenin ev-muzeyi” kitabında iş kabineti haqqında qısa məlumat verilib. Qeyd olunub ki, 1951-ci ilin mayın 27-də açılan muzeydə iş otağı əvvəlki görkəmində bərpa edilib, digər otaqlarda isə yazıçının həyatını əks etdirən sərgilər təşkil olunub. Deməli, tar da əvvəlki yerində - İ.Çavçavadzenin sevimli əşyaları arasında mərkəzdə saxlanılıb.
Kitabda həmçinin yazılıb ki, İ.Çavçavadzenin Saquramodakı evi XIX əsrin ikinci yarısında həmin dövrün mütərəqqi ziyalılarının toplaşdığı Gürcüstanın ədəbi və ictimai həyatının mərkəzlərindən biri olub: “Hər il iyulun 20-də burada İ.Çavçavadzenin ad qoyulan günü əsl milli şənlik kimi qeyd olunurdu. Bu ənənəvi bayrama Gürcüstanın müxtəlif guşələrindən olan nümayəndələr xüsusilə hazırlaşardılar və şənlikdə əhalinin bütün təbəqələri iştirak edərdilər”.
Ehtimal etmək olar ki, tar da İ.Çavçavadzeyə məhz bu bayramların birində təqdim olunub. Bu dəyərli hədiyyə ilə azərbaycanlılar Gürcüstanın böyük ictimai xadiminə öz ehtiram və hörmətlərini ifadə etmiş olublar.
İ.Çavçavadze 1907-ci ilin avqustun 30-da həyat yoldaşı ilə birgə faytonla Tbilisidən Saquramoya gedərkən odlu silahdan açılan atəş nəticəsində ölümcül yaralanıb. Tarixi mənbələrdə onun qətlində bolşeviklərin əli olduğu bildirilir. O, Saquramodakı evində gözlərini əbədi yumur. Muzey otaqlarının birindəki şüşə şkafda İ.Çavçavadzenin ölüm maskası, bir əlinin gipsdən olan forması və yazılı lentlər də sərgilənir. Lentlərdən birinin üzərində rus dilində “Tiflis müsəlmanları” yazılıb. Bələdçi bildirir ki, bu lentlər İ.Çavçavadzenin ölümündən sonra Gürcüstanın hər yerindən göndərilən əklillərə aiddir. Tbilisidə yaşayan azərbaycanlılar da gürcü xalqının böyük oğlunun ölüm xəbərini dərin hüznlə qarşılayıb və onun dəfn mərasiminə əklil göndəriblər.
İ.Çavçavadzenin ev-muzeyləri ilə bağlı araşdırma zamanı bir maraqlı fakt da üzə çıxıb. 1972-ci ildə Tbilisidə yerləşən ev-muzeyini Azərbaycanın xalq şairi Məmməd Araz ziyarət edib. O, İ.Çavçavadzeni öldürən düşmən gülləsinin muzeydə saxlanılmasından təsirlənərək “Şöhrətə atılan güllə” adlı şeir yazıb. Filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu “Sözün Məmməd Araz zirvəsi” adlı monoqrafiyasında yazır ki, əvvəllər İlya Çavçavadzenin yaradıcılığını dərindən öyrənən Məmməd Arazın qəlbində bu böyük şəxsiyyətə qarşı pərəstiş və hörmət hissi yaranmışdı: “Şair ev-muzeydə isə onu təəccübləndirən qəribə bir hal ilə rastlaşır. Məlum olur ki, şairə atılıb onun ölümünə səbəb olmuş qatil gülləsi muzeyin eksponatları içərisində qorunub saxlanılır. Bu hadisə Məmməd Arazın ürəyini titrədir və bu təəssüratdan doğan “Şöhrətə atılan güllə” adlı şeirini yazır. İlya Çavçavadzeni öldürən düşmən gülləsinin muzeydə saxlanılması şairi təsirləndirmişdi. Şair bu gülləni “düşmən” adlandırır”.
Hazırda həmin güllə muzeyin ekspozisiyasında nümayiş etdirilmir.
Monoqrafiyada həmçinin qeyd olunub ki, İlya Çavçavadze azərbaycanlı ziyalıları çox sevir, onlarla dostluq edir, Azərbaycan türklərinin haqq işini müdafiə edirdi. “Bu dostluq qarşılıqlı idi. Azərbaycan türklərində sədaqət və etibar, mərdlik və igidlik görən İlya Çavçavadze özü də dostluqda sədaqətli və etibarlı bir şəxs idi. Onun, demək olar ki, bütün həyatı Azərbaycan türkləri ilə təmasda keçmişdir. Uşaqlığından azərbaycanlılar ilə bir yerdə oynayan, böyüyən İlya, həmçinin azərbaycanlı nənələrdən və babalardan eşitdiyi nağıl, əfsanə, atalar sözləri və məsəllərin şirinliyinə valeh olmuş, həmin folklor nümunələrini hafizəsinə həkk etmişdir”.
Məşhur gürcü ədibin ev-muzeyində qorunub saxlanılan Azərbaycan tarının tarixçəsi bu günə qədər gizli olaraq qalır. Bəlkə də milli musiqi alətimiz bir neçə sirri özündə gizlədir. Qədim alətə yeni həyat vermək üçün bərpa olunmasına ehtiyac var. Bu xoşməramlı missiyanı qədim musiqi alətlərinin bərpası üzrə zəngin təcrübəyə malik Azərbaycan tərəfi öz üzərinə götürə bilər.