Avqustun 27-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, qonaqları səmimi salamlayan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu, iki ölkənin dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan ilə Gürcüstanın fəal əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra mühüm qlobal iqtisadi layihələrin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Vaqif Əliyev Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki Zəfəri barədə söz açıb, qonşu və dost Gürcüstanın Azərbaycana verdiyi siyasi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızda yaşayış məntəqələrinin talan olunduğu, mədəniyyət müəssisələrinin, tarixi abidələrin məhv edilməsi barədə qonaqlara məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət qurumları qarşısında ilk növbədə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparılması, infrastrukturun yaradılması kimi vəzifələr qoyulub. Hazırda azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, müasir standartlara cavab verən yeni mədəniyyət obyektlərinin inşası kimi məsələlər Mədəniyyət Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Eyni zamanda həmin ərazilərdə ermənilər tərəfindən Azərbaycan xalqının mədəni irsinə qarşı törədilmiş cinayətlərin beynəlxalq təşkilatlara çatdırılması xüsusi əhəmiyyətə malikdir və Azərbaycan bu istiqamətdə UNESCO, İCESCO, BMT-nin Sivilizasiyalar Alyansı və digər təşkilatlarla əməkdaşlıq edir.
Gürcüstanla mədəni əlaqələrin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edən nazirin birinci müavini hər il ölkəmizdə keçirilən müxtəlif beynəlxalq festival və müsabiqələrdə Gürcüstan təmsilçilərinin fəal iştirak etdiyini diqqətə çatdırıb. Vaqif Əliyev mədəniyyət naziri Anar Kərimovun bu ilin 6-9 iyul tarixində Gürcüstana səfəri çərçivəsində ölkənin dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdən və müzakirə olunan məsələlərdən söz açıb.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze səmimi qəbula görə Vaqif Əliyevə təşəkkürünü bildirib. Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən qonaq 44 günlük müharibənin Zəfərlə başa çatması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Z.Vaşaxmadze Azərbaycanın bütün beynəlxalq səviyyələrdə Gürcüstanın ərazi bütövlüyünü tanıdığına və dəstək olduğuna görə minnətdarlığını dilə gətirib. O, ölkəsinin də Azərbaycan kimi multikultural olduğunu və orada müxtəlif xalqların yaşadıqlarını vurğulayıb, Gürcüstan hökuməti tərəfindən müxtəlif dini etiqadı olan vətəndaşlara qayğı və diqqət göstərildiyini qeyd edib. Z.Vaşaxmadze Azərbaycanla Gürcüstan arasında dostluq ənənələrinin qədim tarixə söykəndiyini və mədəni əlaqələrin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.