“Sosial şəbəkələrdə bəzən İçərişəhərdə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müxtəlif fikirli mövqelər görülür. Qeyd edim ki, İçərişəhər ərazisində tikililəri iki yerə bölmək olar. Birincisi tarixi abidə olan tikili, ikincisi idə tarixi abidə hesab edilməyən tikililər”.
“Report” xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə İctimai televiziyaya müsahibəsində deyib.
İdarə sədri bildirib ki, tarixi abidələrlə bağlı mövqe konkretdir:
“Həmin tikililərdə hər hansı dəyişiklik edilməsi mümkün deyil. Edilsə belə ancaq əvvəlki əsas vəziyyətinə salınma şərtilə ola bilər. Bununla bağlı İdarənin nəzdində Bədii Şura mövcuddur. Həmin şura hər bir müraciətə həssaslıqla yanaşır, müxtəlif qərarların verilməsində Baş plan və master planda olan standartlar nəzərə alınır”.
“Bilirik ki, qoruq UNESCO-nun Ümumdünya İrs Siyahısına aiddir. Əvvəldən elan olunan və olunmayan monitorinqlərin hesabatlarını alırıq. Əgər İçərişəhərdə qanun və standartların pozuntusu olsa, bu barədə UNESCO bizə məlumat verərdi. Bütün qərarlar tarixi abidələri qorumaq prinsipi ilə olur”.