İtaliyanın paytaxtı Romada Azərbaycanın Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi münasibətilə konsert təşkil olunub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, konsert Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Mərkəzinin, İtaliya-Azərbaycan Palatasının və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi ilə keçirilib.
Konsertdə siyasətçilər, diplomatlar, incəsənət xadimləri, həmçinin İtaliyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov 270 illik tarixə malik olan və Ermənistanın işğalı zamanı böyük dağıntılara məruz qalan Şuşanın azad edildikdən sonra yenidən çiçəklənməyə başladığını diqqətə çatdırıb.
Konsertdə Azərbaycan xalq mahnıları, həmçinin italyan klassik əsərləri səsləndirilib.