Azərbaycan xalqının qanlı səhifəsi – Xocalı soyqırımını dünyaya tanıtmaq, bu faciəyə ədalətli qiymət verilməsinə nail olmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan bütün müəssisələr Heydər Əliyev Fondunun başlatdığı “Xocalıya ədalət” kampaniyasına qoşularaq sosial şəbəkələrdə Azərbaycan, rus və ingilis dillərində Xocalı həqiqətlərini, faciənin miqyası ilə bağlı faktları videoçarxlar, ədəbi-bədii kompozisiyalar, virtual kitab sərgiləri, informasiya bülletenləri, qısametrajlı filmlər, onlayn tədbirlər və slaydlar vasitəsilə yayımlayıb.
"Report" xəbər verir ki, uşaq musiqi və incəsənət məktəblərində keçirilən onlayn tədbirlər ilk növbədə izləyicilərə Xocalı soyqırımı haqqında məlumatla başlanıb.
Daha sonra gənc istedadların ifasında şeirlər, vokal və instrumental ifalarla davam edib. Müəllimlərlə şagirdlərin bərabər çıxışları sanki nəsillər arasında informasiya mübadiləsini təmin edib.
Bakı şəhərində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemləri Xocalı faciəsini şahidlərin dilindən səsləndirib, şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Bakı şəhərində yerləşən digər mədəniyyət müəssisələri də internet üzərindən hərbi-vətənpərvərlik ruhlu, məlumatlandırıcı və maarifləndirici videoçarx, bədii qiraət nümunələri, ədəbi-bədii və musiqili kompozisiyalarını davamlı təqdim etməklə izləyiciləri tariximizi unutmamağa, gələcəyə məhz "gələnəklərdən görənəklərə" prizmasından yanaşmağa həsr ediblər.
“Xocalıdan-Xocalıya”... Xocalı faciəsi Bakı Uşaq və Gənclər Teatrının gözü ilə” qısametrajlı filmi isə həm üslub, həm də məna yükü və rəmzilikləri ilə fərqlənir.
Bu il Xocalı faciəsindən ürəyimiz ağrısa da, Yer üzündən silinmiş, anaların fəryadı, uşaqların çığırtısı, ahılların kədəri, şəhidlərin qanı hopmuş bu şəhərin və cümlə Qarabağın artıq erməni işğalçılarından azad olması və şəhid ruhların nəhayət dinclik tapması qəlbimizdə ümid hissi yaradır və bu hiss mədəniyyət müəssisələrinin Müzəffər Ordumuzun Şanlı Qələbəsindən ruhlanaraq internet üzərindən yayımladığı bütün fəaliyyətlərinə hakim kəsilib.