Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla vəzifə müddətinin bitməsi münasibətilə görüşüb. "British Council"in Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və incəsənət üzrə meneceri Dilarə İbrahimova da görüşdə iştirak edib.
"Report" nazirliyə istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan mədəniyyət naziri Anar Kərimov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi əvəzsiz xidmət üçün səfirə təşəkkürünü bildirib.
Səfir Ceyms Şarp öz növbəsində ölkələrimizin sıx əməkdaşlığa və səmimi dostluğa söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.
Anar Kərimov "British Council" ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunu bu sahədə məhsuldar əməkdaşlıq yolunda önəmli addım kimi dəyərləndirib. Yaradıcı sənayelərin inkişafına yönəlmiş 2018-2023-cü illəri əhatə edən "Creative Spark" proqramının faydasından danışıb.
Həmçinin qədim və özünəxas mədəniyyətə malik olan ölkəmizin beynəlxalq səviyyədə düzgün təbliğ olunmasında Böyük Britaniya ilə müxtəlif humanitar sahələrdə baş tutan layihələrin vacibliyi vurğulanıb.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.
Anar Kərimov Ceyms Şarpa gələcək fəaliyyətində nailiyyətlər arzu edib.