Ermənilər Xudavəng monastır kompleksini talan edib

Ermənilər Xudavəng monastır kompleksini talan edib Mədəniyyət Nazirliyi bəyanat yayıb.
Mədəniyyət siyasəti
15 Dekabr , 2020 18:38
Ermənilər Xudavəng monastır kompleksini talan edib

"Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilib. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılmışdı. Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb). Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək".

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı bəyanatda vurğulanır.

"Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcədə 1954-cü il Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.

Məlumat üçün bildiririk ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanıb", - sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi