Mədəniyyət Nazirliyinin rəhbərliyi doğum günü münasibətilə Fəxri Xiyabanda Müslüm Maqomayevin məzarını ziyarət edib.
"Report"un məlumatına görə, mərasimdə Azərbaycanın mədəniyyət xadimləri və Rusiyadan qonaqlar iştirak edib.
Nazirliyin kollektivi adından M.Maqomayevin abidəsinin önünə əklil qoyulub.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə Rusiyadan gələn qonaqlara və tədbir iştirakçılarına Müslüm Maqomayevin yaradıcılığından danışıb.
Üzeyir Hacıbəyli adına ev muzeyinin direktoru, Bəstəkarlar ittifaqının katibi Xalq artisti Sərdar Fərəcov isə çıxışı zamanı Müslüm Maqomayevin Azərbaycan musiqi sahəsində əvəzsiz xidmətlərindən söz açıb.
O bildirib ki, dahi bəstəkarın xarici ölkələrdə verdiyi konsertlər daim böyük maraqla qarşılanıb: "O, hansı mahnını ifa etməsindən asılı olmayaraq tamaşaçıların ürəyinə yol tapırdı".