Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının dördüncü günü musiqi ifaçılığı sahəsi üzrə yeni nəşrlərə həsr edilmiş tədbirlə başlayıb.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş yeni nəşrlərin (cəmi 40 məcmuə) təqdimatı baş tutdu. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilçiliyi ilə həyata keçirilib.
Bir neçə il öncə başlanmış bu layihəyə Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Elmira Nəzirova, Oqtay Rəcəbov və digər bəstəkarların fortepiano musiqi əsərlərinin not nəşrləri daxildir. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin fortepiano üçün asanlaşdırılmış köçürməsi, Fikrət Əmirovun “12 miniatür”, “Romantik sonata”, “Variasiyalar”, “İki prelüd”, “İki pyes” kimi miniatür əsərləri, Elmira Nəzirovanın “Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri”, Tofiq Quliyevin “Cəmilənin albomu”, Zakir Bağırovun “Fortepiano üçün əsərləri”, Əşrəf Abbasovun, Vasif Adıgözəlovun, Asya Sultanova, Azər Rzayev, Sərdar Fərəcov və başqalarının seçmə əsərləri işıq üzü görüb.
Azərbaycan Milli Kitabxanasında baş tutan təqdimatda ölkəmizin tanınmış musiqi xadimləri, təhsil müəssisələrinin rəhbər şəxsləri - Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, musiqişünas və professorlar Zemfira Qafarova və Cəmilə Həsənova, Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Asəf Zeynallı adına Musiqi Kollecinin rektoru, professor Nazim Kazımov, xalq artisti Sərdar Fərəcov və başqaları iştirak edib, rəy və təkliflərini, bölüşüblər.