Mayın 31-də Moskvadakı “Xudojestvennıy” kinoteatrında “Moskvada dostlaşdığım adamı heç vaxt unutmaram” adlı kinofestivalın açılışı olub.
“Report”un Rusiya bürosunun məlumatına görə, kinofestival MDB ölkələri arasında millətlərarası və mədəniyyətlərarası qarşılıqlı əlaqələrin inkişafına töhfə vermək, tamaşaçıları sovet dövrünün ən yaxşı filmləri ilə tanış etmək məqsədi daşıyır.
Festival Bakı Film Kinostudiyasında Üzeyir Hacıbəylinin ölməz operettası əsasında çəkilmiş məşhur Azərbaycan filmi “Arşın mal alan”ın nümayişi ilə açılıb.
Kinoforumun açılışında aktyor, teatr və kino rejissoru, Rusiyanın xalq artisti Aleksandr Qalibin çıxış edib. O qeyd edib ki, “Arşın mal alan” valideynlərinin çox sevdiyi uşaqlıq illərinin filmidir: “Atam və anam bu filmi çox sevirdilər və məndə bu filmə maraq yaradırdılar. Doğrudur, filmi çox başa düşmürdüm, amma mahnıları çox bəyənirdim. Bizim buraya toplaşmağımız, bütün bunların bizi maraqlandırması çox vacibdir. Axı bir zamanlar SSRİ respublikaları arasında mədəniyyət sahəsində möhkəm əlaqələr qurulmuşdu. Odur ki, bizim informasiya mübadiləsi aparmaq, dostluq etmək, postsovet məkanında nə baş verdiyini öyrənmək imkanına malik olmağımız mühüm əhəmiyyət kəsb edir. Forum bu istiqamətdə irəliləmək üçün yaxşı başlanğıcdır. Mənə elə gəlir ki, boşluq yaranıb və bu forum bizə onu doldurmağa imkan verəcək”.
“Moskino”nun baş direktoru Natalya Mokristkaya da Azərbaycanın bu filmini sevdiyini söyləyib və azərbaycanlı yazıçı və kinorejissor Rüstəm İbrahimbəyovla dostluğundan danışıb: “Rüstəm İbrahimbəyovla yaxın dost idim. Biz Kinematoqrafçılar İttifaqları Konfederasiyası ilə birlikdə bu forumu planlaşdırarkən onun açılışını xüsusilə Azərbaycan filmi ilə etmək istədik”.
Aktrisa, Moldovanın xalq artisti Svetlana Toma isə “Arşın mal alan” filminə olan sevgisindən, Bakı həyatından danışıb: “Biz hamımız “Arşın mal alan” filmindən mahnılar oxumuşuq. Bu, gözəl, ağ-qara, xoş təəsssüratlar yaradan filmdir. Mən, təxminən, iki ay Bakıda yaşamışam. Bu şəhəri çox sevirəm. O, çox gözəl şəhərdir. Daha sonra Azərbaycana yeni dövrdə tamaşa ilə gəldim və Bakının necə dəyişdiyini gördüm. Bu gözəl, gözəl insanları olan heyrətamiz şəhər hər zaman mənim ürəyimdədir”.