Moskvada dünya şöhrətli müğənni, bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsini ehtiramla yad ediblər.
"Report"un Rusiya bürosunun məlumatına görə, mərasim böyük sənətkarın abidəsi önündə rəsmi şəxslərin, həmkarlarının və yaradıcılığının pərəstişkarlarının iştirakı ilə baş tutub.
M.Maqomayevin abidəsi önünə Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyi, həmçinin “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarov adından əklillər qoyulub.
Mərasimdə çıxış edən Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya sənətkarın xatirəsinə göstərilən diqqətə görə hər kəsə təşəkkür edib.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qeyd edib ki, Müslüm Maqomayevin səsi və mahnıları bu gün də bütün dünyada pərəstişkarların qəlbini riqqətə gətirir.
"Onun yaradıcılığı Azərbaycan və Rusiyanı birləşdirir. Müslüm Maqomayev bütöv bir dövrdür və biz həmvətənimizlə fəxr edirik", - səfir bildirib.
"Agalarov Development"in prezidenti Emin Ağalarov qeyd edib ki, Müslüm Maqomayev bütöv bir dövrün ən böyük, istedadlı sənətkarlarından biri olub:
"Müslüm Maqomayevin vəfatından 16 il keçib, lakin şəxsən tanımaq şərəfinə nail olduğum bu böyük insanın obrazı getdikcə aydınlaşır. Mən müxtəlif şəhərlərdə onun "Mavi əbədiyyət"i səslənəndə, ekranda yaraşıqlı, güclü M.Maqomayev görünəndə tamaşaçılar onu ayaq üstə qarşılayırlar".
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.