Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsrin Orfeyi” adlı təntənəli gecə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər. Onlar Azərbaycan xalqının görkəmli övladı Müslüm Maqomayevə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, onun dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş edən nəhəng şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb.