Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) "Azərbaycan" pavilyonunda Rusiyanın əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar Birliyinin üzvü, Moskva Rəssamlar İttifaqı və Beynəlxalq İncəsənət Fondunun üzvü Cahid Camalın "Azərbaycan - mənim ruhum" adlı sərgisi açılıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, sərgidə rəssamın təxminən 50 əsəri nümayiş olunur.
"Bu gün burada rəssamın Qarabağa həsr olunmuş əsərləri - tarixi vətənə olan məhəbbətini əks etdirən "Qarabağnamə" silsiləsi nümayiş olunur. Camal, həmçinin bu gün onun fərdi sərgisini keçirdiyimiz XTNS-dəkı "Azərbaycan" pavilyonunun baş rəssamı olub. Rəssam uzun müddət Monqolustanda yaşayıb və bu ölkəyə bir çox əsərlər həsr edib", - açılış mərasimində "Azərbaycan" pavilyonunun direktoru Səadət Qədirova bildirib.
Rusiyadakı səfirimiz Rəhman Mustafayev çıxışında vurğulayıb ki, Azərbaycan dünyaya çox istedadlı insanlar bəxş edib: "Cahid Camal üç məkanda - Azərbaycan, Rusiya və Monqolustanda aktiv fəaliyyət göstərib. Bu, təəccüblü deyil. Çünki Azərbaycan mədəniyyət və incəsənət xadimləri həmişə öz əsərlərində müxtəlif xalqların mədəniyyətlərini birləşdiriblər. Bu, bizim dünyamızdır, Azərbaycan sivilizasiyasıdır və Cahid Camal onun parlaq nümayəndələrindən biri olub".
Politoloq Sergey Markov isə Cahid Camalın əsərlərindəki parlaq rənglərə diqqət çəkib: "Bu kətanlardakı parlaq rənglər, "Azərbaycan" pavilyonundakı dostcasına ünsiyyət soyuq noyabr günlərini bizim üçün daha xoş edir. Biz, Cahid Camalın sərgisinə böyük məmnuniyyətlə gəldik, çünki Azərbaycan mədəniyyəti xoşumuza gəlir", - o bildirib.