Əməkdar artist, xoreoqraf Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni baş baletmeyster təyin olunub.
"Report" xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Emin Eldar oğlu Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. 2008-ci ildə “Əməkdar artist” adına layiq görülən E.Əliyev dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətini təmsil edib. O, 2019-cu ildə Musiqili Teatrda balet artisti kimi fəaliyyətə başlayıb, 2020-ci ildən isə quruluşçu baletmeyster vəzifəsini icra edib.