UNESCO-nun Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinə missiya göndərməsi, habelə missiyanın mandatını tənzimləyən sənəd üzərində müzakirələr davam edir.
Bu barədə "Report"un sorğusuna cavab Mədəniyyət Nazirliyindən bildirilib.
"Hələ ki, missiyanın vaxtı müəyyən edilməyib. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi və Mədəniyyət Nazirliyi arasında birgə müzakirələr aparılır", - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə görüşü zamanı Azərbaycanın UNESCO missiyasının erməni işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırladığını bildirmişdi.