ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı sənətçi Orxan Məmmədovun sərgisi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, sərgi şəhərin qabaqçıl sərgi salonlarından birində, rəqəmsal incəsənət şirkəti “Blackdove”ın təşkilatçılığı ilə baş tutub.
“Estetikanın dirçəlişi” (Revival of Aesthetics”) adı altında açılan sərgidə nümayiş olunan əsərlərdə O.Məmmədov ölkəmizin mədəni irsinin simvolu hesan olunan Azərbaycan xalçalarının eskizlərini dövrümüzün ən son texnoloji alqoritmi sayılan süni intellekt ilə birləşdirərək irs və müasirliyin vəhdətini yaradıb. Nyu-Yorkun və dünyanın görkəmli kolleksiyaçılarının dəvət aldıqları sərgidə sənətçinin 9 sənət əsəri nümayiş olunur.
O.Məmmədov “Report”un yerli bürosuna müsahibəsində təmsil etdiyi yeni incəsənət növünün bilinən və bilinməyən tərəfləri haqqında danışıb:
“Biz bu incəsənət növünü yeni media incəsənəti adlandırırıq. Bu, ənənəvi incəsənətin bir növüdür, xüsusi texnalogiyalardan istifadə olunur. Yeni media incəsənətində mənim üzərində işlədiyim sahə süni intellektdir və zamana bağlı incəsənət əsərləridir. Burada kodlardan və ya alqoritmlərdan istifadə olunur.
Sərgidə nümayiş olunan əsərlər suni intellekt tərəfindən hazırlanıb və 150 min Azərbaycan xalçasında istifadə olunub. Həmin xalçalar dünya muzeylərindən toplanıldıqdan sonra süni intellekt vasitəsi ilə təhlil edilib və ortaq dəyərlər ortaya çıxarılıb. Daha sonra isə onların əsasında yeni alternativlər yaratmışam”.
Sənətçi bildirib ki, təmsilçisi olduğu yeni incəsənət növü 2020-ci ildən etibarən məşhurluq qazanmağa başlayıb.
O.Məmmədovun sözlərinə görə, əsərlərində yeni nəfəs verdiyi xalçaları toplamaq üçün ilk öncə Azərbaycan xalçalarının dünyada saxlanıldığı bütün muzeylərlə əlaqə saxlanılıb: “2019-cu ildə Azərbaycanı təmsil etmək üçün Heydər Əliyev Fondunun dəvəti ilə qatıldığım sərgidə kuratorum Emin Məmmədovun köməkliyi ilə Azərbaycan xalçalarının saxlandığı dünyadakı bütün muzeylərlə əlaqə saxladıq və onların hamısının eskizlərini əldə etdik.
Həmin xalçaların üzərində işləyərək süni intellektə çevirdik. Onu da deyim ki, mənim yenidən nəfəs verdiyim tarixi irsdə sadəcə Azərbaycan xalçaları deyil, şərqin zəngin mədəniyyəti də öz əksini tapıb. Əsərlərim Azərbaycan daxil olmaqla ortaq çoğrafiyanın (İran, İraq, Türkiyədə, Mərakeş) şərq mədəniyyətini özündə birləşdirir”.
Nyu-Yorkda açılan sərginin 10 mərhələli layihənin birinci mərhələsi olduğunu deyən rəssam, nümayiş olunan əsərlərdə sadəcə xalça deyil, ölkəmizim digər milli dəyərlərinin də əskini tapdığını bildirib: “Burada nümayiş olunan estetik simvollar özündə Qobustan qayaları üzərindəki rəsmləri, xalçalarda və abidələr üzərində olan islami naxışları, Azərbaycan ədəbiyyatının və musiqisinin minyatürlərini ehtiva edir”.