"Ermənilər Azərbaycan mədəniyyətinə göz dikir, onu özününküləşdirməyə çalışırlar. Çünki qədim tarixlərindən bəhs etsələr də, buna əsas və sübut tapa bilmirlər. Bütün bunlar ermənilərin uydurmasıdır. Buna görə də başqalarının mədəni dəyərlərini oğurlayaraq onları özlərininki kimi təqdim edirlər. Tarixi oğurluq üzərində qurmaq olmaz. Lakin, təəssüf ki, ermənilər məhz bu şəkildə davranırlar”.
Bu sözləri “Report”un Rusiya bürosuna politoloq Aleksandr Perenciyev Şuşa Xalça Muzeyindən oğurlanan xalçaların İrəvanda sərgisinin keçiriləcəyini şərh edərkən deyib.
Ekspert erməni tərəfinin bu cür hərəkətlərini, ilk növbədə, mənəvi-etik dəyərlər baxımından yanlış adlandırıb: “Bunu bilirsiniz nə ilə müqayisə eləmək olar? Elə bil, faşistlər tarixi eksponatları SSRİ-dən çıxarıb onları özlərininki kimi təqdim edirlər. Buna görə də əslində oğurlanan mədəni əsərlərin sərgilərini keçirmək istənilən mədəni fəaliyyətin normalarını pozur”.
A.Perenciyev hesab edir ki, rəsmi İrəvan yalnız UNESCO tərəfindən qınanmamalıdır: “Azərbaycanın bu cür hərəkətlərə görə erməni tərəfinin ədalət mühakiməsinə cəlb edilməsi üçün beynəlxalq məhkəmə orqanlarına müraciət etmək hüququ var. Bütün artefaktlar götürüldükləri yerə qaytarılmalıdır. Oğurlanmış şeylərin bir növ özünün mədəni irsi kimi göstərilməsi cinayətdir”.
Ekspert onu da qeyd edib ki, Azərbaycan fəal şəkildə rəsmi İrəvanın mədəni irs və dəyərləri mənimsəməsinə qarşı çıxmalıdır. Onun sözlərinə görə, buna oğru mədəniyyəti demək olar.