Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyasına (EXARC) üzv qəbul edilib.
Bununla bağlı "Report"a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, Danimarka Krallığında təsis edilən EXARC təşkilatının hazırda 432 üzvü var. Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası, eyni zamanda Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.
İdarənin məlumatına görə, Qala Qoruğunun bu təşkilatda təmsil olunması Azərbaycanın əsrlər boyu məişətinin və yaşam tərzinin, eyni zamanda tarixinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsi, həmçinin Qalanın dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Qala Qoruğu barədə məlumatlar artıq təşkilatının rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, 1988-ci ildə yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərdabələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yaradılıb. Qədim sənət növləri burada orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə olunur.