"ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önəmlidir".
"Report" xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.
“Bu səfəri Azərbaycanla həmrəylik kimi qiymətləndiririk”
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfərindən sonra sualları cavablandıran nazir qeyd edib ki, bu, Vətən müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri səviyyəsində ölkəmizə ilk səfərdir:
"Bunu Azərbaycanla həmrəylik kimi qiymətləndiririk. Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidirlər”.
"Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq"
İşğaldan azad olunmuş ərazilərimizdəki mədəni-dini və tarixi abidələrimizin qorunması istiqamətində atılacaq addımlarla bağlı sualı cavablandıran nazir deyib: “Mədəniyyət Nazirliyinin ekspertləri hazırda həmin ərazilərdə maddi-mədəni, tarixi abidələrin monitorinqini, inventarlaşmasını aparırlar. Daha sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq. Bu, uzunmüddətli prosesdir. Amma biz buna çox qətiyyətlə başlamaq niyyətindəyik. Bu işdə bizə həm yerli, həm də xarici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq”.
Mədəniyyət naziri bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. Bu il Şuşada iki tədbir - "Xarı bülbül" festivalı və Molla Pənah Vaqif poeziya günlərinin keçirilməsi nəzərdə tutulub.