Qaxda əsrlər boyu müsəlman və xristianların birgə ziyarət etdikləri Kürmükoba bayramı qeyd olunub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən mərasim qeyd etmək üçün yüzlərlə müsəlmanlar və xristianlar Kürmük məbədini ziyarət ediblər.
Bu bayram yerli Qax sakinləri üçün hər zaman Kürmükoba bayramı olaraq qalıb və tədbir zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan Kürmükoba bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır.
Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin istər müsəlman, istərsə də xristian əhalinin hamılıqla iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan mərasim olduğunu göstərir.
Kürmükoba bayramında məbədə axın edən insanlar mərasimi multikulturalizmin, tolerantlığın nümunəsi hesab edirlər.
Kürmükoba bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olub, Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr, yəni çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gursulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Bu dəfə də Kürmükoba bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qət edərək məbədi ziyarət ediblər.