“Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni bina inşa olunacaq”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, tikinti işlərinə tezliklə başlanılacaq.
Səfir həmçinin bildirib ki, Heydər Əliyev Fondu Qax rayonunda yerli gürcü icması üçün yeni mədəniyyət evi inşa etdirir: “Qaxda yaşayan Azərbaycanın gürcü əsilli vətəndaşlarının mədəniyyət evinə ehtiyacı olub. Tikinti işləri artıq yekunlaşmaq üzrədir və son tamamlama işləri aparılır. Mədəniyyət evinin açılışı tezliklə baş tutacaq”.
Z.Pataradze qeyd edib ki, mədəni və humanitar sahələrdə həyata keçirilən layihələr gürcü və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırmağa imkan verir.
Diplomat yaxın zamanlarda Azərbaycanda Gürcüstan, Gürcüstanda Azərbaycan mədəniyyət günlərinin təşkil olunacağını deyib: “Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi təcrübəsi çoxdan mövcud olub. Lakin təəssüflər olsun ki, pandemiya səbəbindən bir sıra mədəni tədbirləri təxirə salmalı olmuşuq”.