Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin gürcü dilinə tərcümə edilmiş əsərlərindən ibarət kitablar təqdim olunub.
“Report”un yerli bürosu xəbər verir ki, nəfis tərtibatda nəşr edilən kitablarda “Xəmsə”yə daxil olan “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri yer alıb.
Mərasim Azərbaycanın Gürcüstandakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb.
O, bildirib ki, bu il çərçivəsində DİDK müxtəlif ölkələrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və yaradıcılığına həsr olunan tədbirlər keçirir: “Dost və qonşu ölkədə də bu cür tədbirin təşkili xüsusi önəm daşıyır. Nizami Gəncəvinin əsərlərinin gürcü dilində nəşri Azərbaycanın Gürcüstanla mədəni və ədəbi əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.
Təqdimat mərasimi gürcü və azərbaycanlı ziyalıların çıxışları ilə davam etdirilib. Onlar kitabların işıq üzü görməsini yüksək qiymətləndiriblər, Nizami Gəncəvi yaradıcılığının gürcü ədəbiyyatına təsiri, Azərbaycan və Gürcüstan arasındakı dostluq və mədəni əlaqələrdən söz açıblar.