Ukrayna rəsmi Bakıya UNESCO-da transsərhəd nominasiyaların yaradılması üzrə əməkdaşlıq təklif edib

Ukrayna rəsmi Bakıya UNESCO-da transsərhəd nominasiyaların yaradılması üzrə əməkdaşlıq təklif edib “Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi transsərhəd nominasiyaların yaradılması ilə bağlı gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçmək xahişi ilə Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edib"
Mədəniyyət siyasəti
9 Fevral , 2021 13:57
Ukrayna rəsmi Bakıya UNESCO-da transsərhəd nominasiyaların yaradılması üzrə əməkdaşlıq təklif edib

“Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın, o cümlədən UNESCO çərçivəsində əməkdaşlığın gücləndirilməsi üçün səy göstərməyə davam edəcək”.

Bunu “Report”a müsahibəsində Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini Svetlana Fomenko deyib.

“Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi transsərhəd nominasiyaların yaradılması ilə bağlı gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçmək xahişi ilə Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət edib. Çünki Ukraynanın “Daş məqərələr” (“Kamennaya moqila”) arxeoloji abidəsi ilə Azərbaycanın UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” görkəmli ümumbəşəri dəyəri müəyyənləşdirmək üçün ortaq meyara malikdirlər, mədəniyyət ənənəsinin və qədim sivilizasiyaların bənzərsiz, müstəsna dəlilləridirlər”, - nazir müavini bildirib.

S.Fomenko Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi ilə Azərbaycan Mədəniyyət Nazirliyi arasında 1997-ci ildə imzalanmış mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Sazişinin Ukrayna ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının təmin edilməsi üçün hüquqi əsas olduğunu xatırladıb. “Son illərdə bu Saziş, habelə Ukrayna Mədəniyyət Nazirliyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı çərçivəsində ukraynalı mədəniyyət xadimləri, yaradıcı kollektivlər və mədəniyyət sahəsi üzrə mütəxəssislər Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə, festivallarda, müsabiqələrdə, simpoziumlarda, konfranslarda, seminarlarda və digər mədəni tədbirlərdə fəal iştirak ediblər, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri də Ukraynadakı analoji tədbirlərə qatılıblar. Muzey işi sahəsində də, o cümlədən Taras Şevçenko Milli Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi, Kiyev-Peçerski Milli Tarix-Mədəniyyət Qoruğu ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi arasında fəal əməkdaşlıq mövcuddur”, - nazir müavini söyləyib.

O, Ukrayna ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında 1999-cu ildə imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında Sazişlə tənzimləndiyini də əlavə edib: “Sazişin 6-cı maddəsinə uyğun olaraq 2020-ci il dekabrın 18-də videokonfrans formatında turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun birinci iclası keçirilib. İclas zamanı tərəflər Ukrayna ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq yollarını, o cümlədən COVID-19 pandemiyasının mənfi təsirlərini nəzərə almaqla, müalicə-sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişafı potensialını müzakirə ediblər”.

Marina Qonçaruk

Son xəbərlər

Orphus sistemi