18 sentyabr - Milli Musiqi Günü münasibətilə bu gün mədəniyyət və incəsənət xadimləri l Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
"Report" xəbər verir ki, mərasimdə Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və başqaları iştirak ediblər.
A.Kərimov qeyd edib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayram günüdür: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, xalqımızın mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, Qafqazın konservatoriyası adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyət bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz musiqisində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib".
O vurğulayıb ki, Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb: "Onun mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir. Bu bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Bu qayğı göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirilir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə bu festivalı keçirə bilmirik. Buna baxmayaraq, festivalı televiziyada göstərmək qərarına gəldik. Bu gün həm də bəstəkar Müslüm Maqomayevin yubileyidir. Üzeyir Hacıbəyli Müslüm Maqomayevi əsl xalq ruhlu, yenilikçi sənətkar hesab edirdi. O özünəxas əsərlər yaradıb. Üzeyir bəy nəinki müasir Azərbaycan musiqisinin banisi, bəstəkar, o həm də yazıçı, filosof, ictimai xadim olub”.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edib.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirilib.
Sonda Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri, mədəniyyət və ictimaiyyət nümayəndələri I Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.