Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibləri müəyyənləşib.
Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqəyə 321 əsər təqdim edilib.
53 əsər müsabiqə qaydalarına cavab vermədəyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə gönədərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.
Müsabiqədə “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 50, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 193, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.
Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnmişdir.
Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.
“Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı əsərlər müsabiqənin qalibləri elan edilib.
Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin “Peşəkar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), “Həvəskar yaradıcı şəxslər” kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq. “10-15 yaş arası uşaqlar” kateqoriyasında hər bir janr üzrə qaliblərə fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim ediləcək.
Qısa müddət ərzində qaliblərin mükafatlandırılması Azərbaycan Respublikasında elan olunmuş xüsusi karantin rejimi və sosial izolyasiya qaydalarına müvafiq olaraq təşkil ediləcək.