ABŞ-nin paytaxtı Vaşinqtonda indi muzey kimi fəaliyyət göstərən keçmiş prezident Vudro Vilsonun iqamətgahında Azərbaycanın milli geyimi sərgiyə çıxarılıb.
“Report”un ABŞ bürosu xəbər verir ki, “Fashioning Power, Fashioning Peace” adı altında baş tutmuş sərgidə Azərbaycanın Vaşinqtondakı səfirliyinin səyləri ilə nəfəsi əsirlərdən gələn zərxaradan (zərli ipəkdən toxunulmuş parlaq və şax ipək parça) və məxmər, qızılgül çiçəyi parçasından tikilən Azərbaycanın milli libası təqdim olunub.
Müsəlman Şərqin ilk qadın diplomatı Sara xatuna ehtiram ifadə edən bu milli libas muzey ziyarətçilərinə təqdim edilib. Geyimlə bağlı məlumatların yer aldığı xüsusi lövhədə Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Azərbaycan qadınının tarixdə böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi kimi diplomatik əlaqələrinin yaranmasında rolundan bəhs olunub.
Lövhədə Sara xatunun mahir diplomatik vasitəçi kimi bir çox mübahisəli məsələlərin həlli və sülhün gətirilməsi üçün səylərə başçılıq etdiyi diqqətə çatdırılıb.
Sərgidə Vaşinqtonda fəaliyyət göstərən 40-dan çox ölkənin diplomatik nümayəndəliklərinin təqdim etdiyi tarixi libaslar nümayiş olunub.
Çıxışlarda bildirilib ki, sərginin keçirilməsində məqsəd dəbin vasitəsilə mədəni müxtəlifliyi və zərifliyi birləşdirərək qlobal əlaqələri təşviq etmək və xalqlar arasında körpü yaratmaqdır. Sərgidə modanın həqiqətən sülh yaratmaq gücünə malik olduğuna diqqət çəkilib.