“Azərbaycanın Şuşa şəhərində təşkil olunan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı çox yüksək səviyyədə keçdi. Bizim də bu musiqi bayramına dəvət olunmağımızdan çox şadam”.
Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında festivalda Gürcüstanı təmsil edən “Melitassy” ansamblının bədii rəhbəri, xoreoqraf Melita Lomadze deyib.
Onun sözlərinə görə, ansambl üzvlərinin iştirakçı ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı olub: “Azərbaycan xalqına, mədəniyyətinə və qonaqpərvərliyinə heyran qaldım. Təşkilatçılar bizə böyük hörmət və diqqət göstərdi. Festivalın təşkilində əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Qarabağ, xüsusilə də Şuşa çox gözəldir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını torpaqların azad olunması münasibətilə bir daha təbrik edirəm”.
M.Lomadze qeyd edib ki, festival çərçivəsində 14 nəfərdən ibarət gürcü ansamblı ümumilikdə 9 rəqslə çıxış edib: “Təqdim etdiyimiz “Svanuri”, “Acaruli”, “Xorumi”, “Kartuli”, “Ceyran” və digər milli rəqslərimizi tamaşaçılar böyük heyranlıq və alqışlarla qarşıladılar. Rəqslərimizin elementləri, musiqisi və kostyumlarımıza göstərilən böyük maraqdan çox məmnun qaldım”.
Xoreoqraf rəhbəri olduğu ansamblın “Xarıbülbül” festivalında Gürcüstanı təmsil etməsinin böyük məsuliyyət və qürur olduğunu vurğulayıb.