Ukraynanın Xarkov və Dnepr şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü illiyinə həsr edilmiş konsertlər təşkil olunub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri Konsulluq və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
“Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı konsert proqramlarında Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Kiyevskaya Kamerata” Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Adıgözəlov, Yevgeni Stankoviç, Bela Bartokun əsərləri təqdim olunub. Konsert zamanı tarzən Orxan Zeynalovun solo çıxışı da diqqətlə izlənilib.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, səfirliyin ikinci katibi Samir Allahverdiyev, şəhərin vitse-qubernatoru Roman Semenuxa və vitse-mer Svetlana Qorbunova-Ruban konsertdən əvvəl çıxış ediblər. Onlar Azərbaycanın Respublika Gününün tarixindən, bu cür tədbirlərin mədəni əlaqələrdə əhəmiyyətindən, ümumiyyətlə, Azərbaycan-Ukrayna münasibətlərinin son zamanlar daha da inkişaf etməsindən söz açıblar.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Dneprdəki konsertdə çıxışı zamanı bildirib ki, Azərbaycanın əlamətdar tarixi münasibətilə təşkil olunan konsert iki ölkə arasında mədəni əlaqələrin yüksək olduğunun göstəricisidir.
Səfir deyib ki, bu cür konsertlərin məqsədi Azərbaycanın milli musiqisinin Ukraynada təbliğidir: "Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, hər iki dövlət strateji tərəfdaşdır".
Daha sonra BUAK-ın Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev çıxış edərək Respublika Gününün tarixindən, Azərbaycanın milli musiqisinin təbliğinin vacibliyindən danışıblar.
Hər iki konsert yerli tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.