"Report" İnformasiya Agentliyinin (İA) 5 yaşını qeyd edən Report Media Məktəbinin sayca 14-cü qrupu yeni təlim proqramına qoşulub.
Müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
“Report” xəbər verir ki, 2018-ci il iyunun 13-də fəaliyyətə başlayan Report Media Məktəbinin məzunları ölkənin bir sıra aparıcı media qurumlarımda çalışırlar.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, 5 yaşını addımlayan bir jurnalistika məktəbində təlim proqramına qoşulmaq iştirakçılara çox bilik qazandıra bilər:
“Bu müddətdə Report Media Məktəbini bitirən onlarla məzunu mətbuatda uğur qazana bilib. Hazırda “Report”un özündə də media məktəbin 6 məzunu işləyir. “Report”da təlim keçmiş çox sayda gənc jurnalistin ölkənin müxtəlif media orqanlarında çalışdığını da deyə bilərik. Report Media Məktəbinin yaradılması və fəaliyyəti Azərbaycan jurnalistikasına bir sosial töhfədir”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu yeni qrupla bağlı fikirlərini bölüşüb:
“Report Media Məktəbinin bu yay qrupunda daha çox ali təhsil ocaqlarından olan tələbələrə yer ayırmışıq. Digər dövrdə dərs qrafiki ilə bizim təlim proqramını uyğunlaşdırmaq elə də asan olmur. Yayda zamanı çox olan tələbələrin daha yaxşı nəticə əldə edəcəyini düşünürük”.
İ.Rafiqoğlu Report Media Məktəbi ilə bağlı yeni süjetin də hazırlandığını bildirib:
“Report”un əməkdaşı, Report Media Məktəbinin məzunu Gülçin Cəmil, operator Vüqar Xanlarov və montajçı Məhəmməd Ağayevin birgə səyi nəticəsində media məktəb barədə gözəl bir videosüjet hazırlanıb”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.