Report Media Məktəbinin tələbələri ilə görüşə gələn siyasi icmalçı, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, telejurnalist Anastasiya Lavrina Qarabağda film çəkilişi zamanı rastlaşdığı çətinliklərdən danışıb.
“Report” xəbər verir ki, telejurnalist azad olunmuş ərazilərdə dini məbədlərə qarşı törədilmiş vandalizm halları barədə danışıb:
“Xocavənddə iki dəfə çəkiliş qrupu ilə çox ağır şəraitdə və mina sahələrinin əhatəsində çalışmışıq. Biz erməni separatçılarının pravoslav və alban kilsələrini məhv etdikləri barədə film çəkmişik”.
A.Lavrina “Erməni separatçılarının Qarabağdakı məbədlərlə müharibəsi” adlı sənədli filmin fransız, ingilis və serb dillərinə tərcümə edildiyini söyləyib.
“Film bizim səfirliklərin dəstəyi ilə bir neçə ölkədə, həmçinin Fransada fransız, Belçikada ingilis dillərində göstərilib. Nümayişə Avropanın tanınmış ekspertləri dəvət almışdılar”, - telejurnalist deyib.
A.Lavrina vurğulayıb ki, jurnalist öz işində qərəzsiz olmalıdır:
“Jurnalist neytral mövqedə durmalı, heç bir tərəfə dəstək verməməlidir. Emosiyaları nəzarətdə saxlamaq lazımdır. Yaxşı ekspertlər mövzu üzrə yönəldici sualları sevmirlər”.
Anastasiya Lavrina 1990-cı ildə Bakıda anadan olub. Böyük Britaniya və Polşada ikili diplom proqramı ilə iki magistr təhsili qazanıb. ADA Universitetində diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə ikinci dərəcəli magistr təhsili alıb.
2019-2024-cü illərdə СВС kanalında yayımlanan “Qlobal diskussiya” adlı siyasi verilişdə aparıcı kimi çalışıb.
Siyasi icmalçı, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MGIMO) aspirantıdır.
Hazırda ingilisdilli "AnewZ" telekanalında aparıcı kimi çalışır. Bir sıra sənədli filmlərin müəllifidir.