Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) Kiyevdə Ukrayna Müstəqil İnformasiya Agentliyinin (UNİAN) mətbuat zalında bu ölkəyə məxsus “İnformasiya Cəmiyyəti İnstitutu” təşkilatı ilə birgə dəyirmi masa keçirib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, dəyirmi masada iki təşkilatın birgə təsis etdiyi “Ukrayna-Azərbaycan” beynəlxalq media platformunun təqdimatı olub.
Ukrayna prezidenti ofisinin müşaviri Oleksiy Arestoviç dəyirmi masada bildirib ki, Azərbaycan və Ukrayna KİV-in vahid media platformu çərçivəsində fəaliyyəti qarşılıqlı əməkdaşlığın səviyyəsini yüksəldəcək.
“Bu, uzunmüddətli, mehriban, sözün yaxşı mənasında nəhayətsiz əməkdaşlığa çevriləcək, heç bir zaman bitməyəcək. Biz bir yerdə çalışaraq insanlara doğru məlumat əldə etmək imkanı qazandırmaq üçün yaxşı fürsət əldə etmişik” – deyən ukraynalı rəsmi İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan KİV-nin son dərəcə peşəkar fəaliyyətini də qeyd edib: “Dünyaya verdiyiniz dərslər ən yüksək diqqətə layiqdir və informasiya sahəsində dünyanın bütün peşəkarları tərəfindən araşdırılır”.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədri Hikmət Cavadov da Qarabağ müharibəsi zamanı çox sayda yalan məlumatların ötürüldüyünü bildirib: “Biz də həmkarlarımızla birgə bu məsələni müzakirə etmiş, Azərbaycan və Ukrayna jurnalistlərinin çiyin-çiyinə çalışa biləcəkləri bir platform yaratmaq barədə düşünmüşük”.
Onun fikrincə, görüşlər, ixtisasartırma tədbirləri keçirməklə obyektiv xəbərlər üçün yaxşı "süzgəc" yaratmaq da məsləhətdir.
Ukrayna informasiya siyasəti nazirinin sabiq müavini Dimitro Zolotuxin bildirib: “Geniş auditoriyalardan, televizordan, yaxud sosial şəbəkələrdən məlumat alan insanlardan müxtəlif yalanların ifşasına dair mütəxəssis olmasını tələb edə bilmərik. Odur ki, təşəbbüskarlığa, informasiya məkanını ikitərəfli mövqeyimizi əks etdirən obyektiv məlumatla doldurmağa söykənən istiqamət böyük əhəmiyyət daşıyır. Bunlar həm Ukraynada yaşayan azərbaycanlılar üçün, həm də Azərbaycanda yaşayan ukraynalılar üçün mühümdür”.
İki ölkə mediasının əməkdaşlığına dair Azərbaycan KİV-nin nümayəndələri də fikirlərini açıqlayıblar. “Global Media Group”un media direktoru Həmid Həmidov bu platformu çox faydalı hesab edərək hər iki ölkə ərazisindəki münaqişələr barədə həqiqətlərin çatdırılmasını mühüm vəzifə kimi səciyyələndirib. Həmçinin platform vasitəsilə ölkələrin turizm imkanları barədə məlumatlar əldə edilə biləcəyi də diqqətə çatdırılıb.
“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Azərbaycan və Ukrayna həqiqətlərinin tanıdılmasını hər iki ölkəni birləşdirən hədəf olaraq dəyərləndirib. Bununla yanaşı, yalan xəbərlərin qarşısını almağın da vacibliyi dilə gətirilib: “Bu mənada, bu cür platformun yaradılması sevindiricidir. Bu platform iki ölkə arasında əlaqələrin daha da inkişafına şərait yaradacaq. Son illər Azərbaycan ilə Ukrayna arasında münasibətlər sürətlə inkişaf edir, artıq Ukraynada büro açmağımız zərurətə çevrilib”.
Tədbirin sonunda Postinformasiya Cəmiyyəti İnstitutu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu arasında Ukrayna və Azərbaycanda baş verənləri obyektiv çatdıracaq media platformunun yaradılmasına dair memorandum imzalanıb.