Müqəddəs Qurban bayramı ilə bağlı bayram namazı bu il karantin qaydalarına uyğun fərqli şəkildə baş tutub.
Bakı Media Mərkəzindən "Report"a verilən məlumata görə, Mərkəzin həyata keçirdiyi mərasim zamanı din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Heydər məscidində bayram namazı qılıb, xalqımız üçün dualar ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri - Hacı Şahin Həsənli və Hacı Ceyhun Rüstəmovun bayram namazı ilə bağlı xütbələri dinlənilib. Eyni zamanda Müqəddəs Qurban bayramı ilə bağlı Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevin çıxışlarına yer verilib.
Qeyd edək ki, bayram namazı Bakı Media Mərkəzinin çəkiliş qrupu tərəfindən ən müxtəlif rakurslardan geniş şəkildə çəkilib və yüksəkkeyfiyyətli görüntü birbaşa yayım avadanlıqları vasitəsilə İctimai TV, Real TV, o cümlədən Mərkəzin rəsmi sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.
Canlı bağlantı zamanı bayram ərəfəsində Bakı Media Mərkəzinin yaradıcı heyətinin ölkəmizin ən müxtəlf şəhər və regionlarında mövcud olan, milli ornamentlərimizlə bəzədilmiş, islam arxitekturasının gözəl nümunələri sayılan məscid və ziyarətgah komplekslərimizdə etdikləri çəkilişlərin görüntülərindən də istifadə olunub.