Dilarə Səlim: “Bu gün mediada söhbət artıq saniyələrdən gedir”

Dilarə Səlim: “Bu gün mediada söhbət artıq saniyələrdən gedir” Tanınmış aparıcı Report Media Məktəbinin qonağı olub
Media
9 Aprel , 2021 17:51
Dilarə Səlim: “Bu gün mediada söhbət artıq saniyələrdən gedir”
Dilarə Səlim

Tanınmış aparıcı, AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru Dilarə Səlim Report Media Məktəbinin qonağı olub.

Media Məktəbinin tələbələri ilə görüşdə D.Səlim televiziya aparıcısı sənətinin incəliklərindən danışıb: “Hazırda həyatın tempi çox yüksəlib, media da buna uyğunlaşmalıdır. Mən aparıcılıq işinə başlayanda bizə efirdə həmsöhbətin diqqətini saxlamaq üçün 20 dəqiqə vaxt verilirdi. Sonra fikir yayılır. Bundan sonra tamaşaçını yormamaq üçün nəsə təsvir və ya musiqi qatmaq tələb olunurdu. Bu gün isə mediada söhbət artıq saniyələrdən gedir”.

Teleaparıcı mətbuatda nitq problemlərinə də toxunub: “Düzgün danışmaq, tələffüz etmək olduqca çətindir. Bernard Şou demişkən, yazanda sözün forması yalnız bir cürdür, amma tələffüzdə bir çox çaları ola bilər. Dil canlı orqanizmdir, həyat dəyişdikcə, texnoloji yeniliklər gündəmə gəldikcə, yeni nitq formaları ilə qarşılaşırıq. Leksikonumuzda olmayan koronavirus, COVİD-19 kimi ifadələrin olacağını heç kim ağlına belə gətirməzdi”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi