Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan İsveç Krallığında fəaliyyət göstərən jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və Kristian Petersonla (jurnalist) görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, ölkədə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonaqlara ətraflı məlumat verilib.
Təcavüzkar və işğalçı Ermənistanın bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldığı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdiyi, otuz ilə yaxın bir müddətdə xalqımıza çox böyük maddi-mənəvi zərər vurduğu qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.
Qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bərpa-quruculuq işləri barədə də məlumat çatdırılıb. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdirildiyi qeyd olunub.
İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini bildiriblər.
Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.