“Savaş qarşıdurmanın son həddidir. Bütün savaşlar müqavilə ilə bitir”.
"Dinc Dünya" Araşdırma Mərkəzi, "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi Report Media Məktəbinin tələbələri ilə görüşdə belə deyib.
"Konflikt jurnalistikası məktəbi"də tədris prosesindən danışan jurnalist psixoloji hazırlığın əhəmiyyətini vurğulayıb:
“Bizim təlimlərə qoşulmaq istəyən hər bir jurnalist üçmərhələli testdən keçməlidir. Buna psixoloji və fiziki hazırlıq daxildir, çünki prosesin bir hissəsi meşə-dağ şəraitində, hərbi tədris mərkəzlərində reallaşır”.
Ə.Mehdi jurnalistika təhsili ilə bağlı fikirlərini də bölüşüb:
“Jurnalistika filologiya deyil. O, daha çox sosiologiyaya yaxındır. 1948-ci ildə Bakı Dövlət Universitetin filologiya fakültəsində jurnalistika şöbəsi yaradılıb, daha sonra 60-cı illərdə fakültəyə çevrilib. Bununla da çox böyük səhv yol başlayıb. Jurnalistika nə qədər filologiyadırsa, neft sənayesi, riyaziyyat, fizika da filologiyadır, çünki hamısı sözlə ifadə edilir".
Əlisafa Mehdi (Mehdiyev) Ağcabədi rayonun Qaravəlli kəndində 1962-ci ildə anadan olub. Azərbaycan Rəssamlıq Akademiyası nəzdində yerləşən İncəsənət Kollecini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyənin Anadolu Agentliyində “Savaş Mühabirliyi Okulu” təlim kursuna, Rusiyadakı “Ekstremal Jurnalistika Mərkəzi”ndə keçirilən proqrama qoşulub. BDU-nun Beynəlxalq Jurnalistika Kafedrasının doktorantı, "Dinc Dünya" Araşdırma Mərkəzi, "Konflikt jurnalistikası məktəbi"nin rəhbəridir. Azərbaycanda hərbi, konflikt və ekstremal jurnalistika üzrə silsilə təlimlərini reallaşdırır.