Azərbaycanda 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri” haqqında” qanun qəbul edilib. Zaman-zaman mövcud qanunvericiliyə dəyişikliklər və əlavələr edilməsinə baxmayaraq, ekspertlər bildirir ki, qanun bu gün müasir tələblərə cavab vermir, bu sahəni tam əhatə etmir. Belə ki, qanunda günümüzün reallığına çevrilən sosial media, internet jurnalistikası da ümumiyyətlə tənzimlənmir. Ona görə də bu sahədə sistemləşməyə, “KİV haqqında” yeni qanuna və bu sahəni müasir tələblərə uyğun tənzimləyəcək yeni quruma ehtiyacın olduğu açıq-aşkar görünür.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Report”a açıqlamasında deyib ki, postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur:
“Bu isə o deməkdir ki, informasiya cəmiyyətin bütün sahələrinə, o cümlədən, siyasi sistemin bütün struktur elementlərinə təsir edən hətta onun keyfiyyətini təyin edən əlahiddə bir vasitədir. Ona görə hazırkı mərhələdə informasiya təhlükəsizliyinin təmin edilməsi mühüm milli çağırışlardan biridir”.
Onun sözlərinə görə, Vətən müharibəsində də, ondan əvvəl də, postmüharibə mərhələsində də antiazərbaycan mərkəzlərin ciddi cəhdlə milli informasiya məkanımızı manipulyasiya etməyə cəhd göstərməsinin bir daha şahidi olduq: “Doğrudur, hazırda Azərbaycanda informasiya mühitimizin milli maraqlar əsasında formalaşmasını təmin etmək üçün xüsusi qurum - Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və xüsusi konsepsiya əsasında fəaliyyət göstərir. Ancaq hazırda həmin qurumun informasiya məkanında milli maraqlarımızın lehinə olan informasiya mühitini motivasiya etmək imkanları məhduddur. Ona görə ki, bu qurum yalnız çap mediasını maliyyələşdirə bilir. Hazırda isə çap mediasının informasiya mübadiləsi prosesində yeri və rolu arzu edilən səviyyədə deyil. Ona görə də KİVDF gələcək fəaliyyətində daha çox milli informasiya məkanımızda dominant rol oynayan elektron media, agentlik və portallarla, digər internet resursları ilə işləməyi prioritet istiqamət kimi müəyyənləşdirməlidir. Ancaq hazırda bunun üçün KİVDF-nin hüquqi bazası yetərli deyil. Ona görə də bu istiqamətdə yeni, daha geniş hüquqi bazanın formalaşdırılmasına ehtiyac var. Belə olarsa, biz daha effektiv fəaliyyət göstərən və informasiya maraqlarımıza daha çox xidmət edən bir qurumdan danışa bilərik”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mizəbəyli isə xatırladıb ki, “Kütləvi İnformasiya Vasitələri” haqqında” qanun 1999-cu ildə qəbul edilib:
“O vaxtdan etibarən, qanuna ayrılıqda və müxtəlif hüquqi-normativ aktların qəbulundan irəli gələn çoxsaylı əlavə və dəyişikliklər edilib. Amma təməl müddəalar, prinsiplər və mahiyyət dəyişməyib. Bu illər ərzində dünyada nəinki mediaya baxış, bütövlükdə medianın özü köklü surətdə, təməlindən dəyişib, informasiya və kommunikasiya texnologiyaları modernləşib, yenilənib və bu proses surətlə davam etməkdədir. İndi Azərbaycan mediası, təkcə imkanlarına və potensialına görə deyil, həm də söykəndiyi hüquqi bazaya görə də, işıq sürəti ilə uçan raketin arxasınca əllərini qeyri-ixtiyari yuxarı-aşağı hərəkət etdirməklə “uçduğunu” nümayiş etdirən piyadaya bənzəyir”.
O bildirib ki, medianın problemləri çoxdur:
“O qədər çoxdur ki, sadalamaqla bitməz. Problemin kökündə isə ilk növbədə nəinki bu günümüzlə, hətta 5-10 il öncə yaranmış reallıqlarla belə ayaqlaşa bilməyən hüquqi baza – “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun dayanır. Artıq əlavə və dəyişikliklərlə “yamaq vurmaq” da bir işə yaramır və qanun mahiyyət etibarilə müasir dövrün reallıqları nəzərə alınmaqla yenidən hazırlanmalı, Milli Məclisin müzakirəsinə təqdim olunmalıdır. Qüvvədə olan qanunda kütləvi informasiya vasitələrinin təsnifatı, hətta sonradan əlavə və dəyişikliklər olunsa da belə, kifayət qədər arxaikdir və faktiki olaraq media kimi fəaliyyət göstərən resursların qanun qarşısında hüquqi bərabərliyini və məsuliyyətini təmin edə bilmir. Bu isə öz növbəsində sektorda xaosun, özbaşınalığın və dərəbəyliyin baş alıb getməsinə, peşəkar jurnalistlərin peşə davranışı qaydalarına, ölkə qanunlarına əməl edən resursların qeyri-peşəkar, cinayətkar məqsədlərin həyata keçirilməsi niyyətilə yaradılan və sayı hər “yağış”dan sonra artan zəhərli “göbələk”lərlə rəqabətdə məğlub duruma düşmələrinə imkan yaradır".
E.Mirzəbəylinin sözlərinə görə,“Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda “internet informasiya ehtiyatları”ndan söz açılsa da və onlar mövcud hüquqi-normativ akta uyğun olaraq KİV sayılsalar da, bu resursların fəaliyyətilə bağlı hüquqi tənzimləmə mexanizmləri, faktiki olaraq mövcud deyil:
“Eyni problem sosial mediada daha qabarıq, daha acınacaqlı şəkildə özünü büruzə verir. Hazırda “Facebook”, “YouTube”, “Twitter”, “İnstagram”, “Telegram” və bu kimi çoxsaylı sosial media resurslarında de-fakto jurnalistika ilə məşğul olan saysız-hesabsız bloqqer, vloqqer, vayner, yutuber və müxtəlif digər adlarla çağırılan “yeni media” təmsilçiləri var ki, onların fəaliyyəti Azərbaycanda faktiki olaraq qanunvericiliklə tənzimlənmir”.
Baş redaktor deyib ki, çap mediasının durumu artıq uzun illərdir ki, getdikcə daha da pisləşir:
“Poliqrafiyadan başlamış yayıma, satışadək hər şey göründüyündən daha bərbad vəziyyətdədir. Heç kim döşünə döyməsin, çünki bu sektorda fəaliyyət göstərənlər real vəziyyətin necə olduğunu kifayət qədər yaxşı bilirlər. İndiki halda “çap mediası”nın ayaqda saxlanılması siyasətilə hər hansı irəliləyişə nail olmaq mümkün deyil. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun ayırdığı yardımlar isə ən yaxşı halda çap mediasının “ayaq üstə qalması” üçün tutarğac funksiyasını yerinə yetirir, vəssalam”.
O, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun da formaca mövcud çağırışlara və tələblərə cavab vermədiyi qənaətində olduğunu da bildirib:
“İndiki şəraitdə KİVİDF-nin bazasında daha geniş səlahiyyətləri olan, media ilə bağlı bütün seqmentlərdə prosesləri tənzimləyə biləcək bir qurumun yaradılmasına ehtiyac var. Mediadakı sistemsizliyə, hüquqi nihilizmə, özbaşınalığa yol açan, milli informasiya məkanına münasibətdə etimadsızlıq mühitinin yaradılmazına, sui-istifadə hallarına imkan verən bütün problemlər qanunların aliliyinin təmin edilməsi və çevik tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə aradan qaldırılmalıdır”.