“MEDİA könüllüləri”nin növbəti qrupu təlim proqramına qoşuldu

“MEDİA könüllüləri”nin növbəti qrupu təlim proqramına qoşuldu Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində növbəti 9 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə təcrübə proqramının ikinci mərhələsinə qoşulub.
Media
19 Oktyabr , 2021 12:21
“MEDİA könüllüləri”nin  növbəti qrupu təlim  proqramına qoşuldu

Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “MEDİA könüllüləri” proqramı çərçivəsində növbəti 9 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə təcrübə proqramının ikinci mərhələsinə qoşulub.

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev “MEDİA könülləri” ilə görüşdə jurnalistikanın incəliklərinə toxunub: “Yəqin ki, hamınız jurnalist olmaq istəyirsiniz. Jurnalistika bir növ həyat tərzidir, çünki jurnalistin konkret iş qrafiki olmur. Öz sahəsi üzrə səhər durandan gecə yatana qədər daim axtarışda olmalıdır. Digər tərəfdən, media şirin bir bataqlıqdır, bu sahəyə gələn getmək istəmir”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu praktik biliyin əhəmiyyətini vurğulayıb: “Bu gün akademik tədrisin əsas problemi nəzəriyyənin üstünlük təşkil etməsidir. Yəni mətbuatda zamanında çalışmayan və ya praktik təcrübəsi olmayan “feyk müəllimlərin” auditoriyaya dərs deməsi nəticəsində gənclərin sonrakı fəaliyyətində çətinlik yaranır. Jurnalistikanı bitirən məzun xəbər yazmağı, reportaj hazırlamağı, müsahibə almağı bacarmır. Report Media Məktəbində keçirdiyimiz təcrübə proqramı problemi nisbətən aradan qaldırmağa xidmət edir”.

Qeyd edək ki, “MEDİA könüllüləri” proqramını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi reallaşdırır. Proqram media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə media sahəsində könüllülük hərəkatını genişləndirmək məqsədi ilə təşkil edilir.

Proqram 2021-ci ilin sentyabr ayında start götürüb. “MEDİA könüllüləri” proqramı çərçivəsində iki qrup olmaqla 17 gənc jurnalist “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən “Media Məktəbi”ndə 2 həftəlik təcrübə proqramına qoşulub.

Son xəbərlər

Orphus sistemi