Rəqəmsal texnologiyaların sürətli inkişafı hər il dünya mediasına yeni tendensiyalar gətirir. XXI əsrin ikinci onilliyinin yarısından başlayaraq isə medianı “fake news”, yəni yalan məlumatların dalğası bürüməyə başladı. İstər Qərb, istərsə də Şərq ölkələrində, siyasi proseslərdən şou və idman sahəsinədək dünya elektron torunun üstünü bir də yalan xəbərlərin toru bağladı. Buna təkan verən əsas amil isə sosial şəbəkələrin nəzarətsiz şəkildə insanların həyatına daxil olmasıdır. Ənənəvi media, bir növ, öz təhrif olunmuş əksi ilə üz-üzə qaldı. Belə ki, şahidi olduğu hansısa hadisəni sosial şəbəkələrdə paylaşıb 5-10 layk yığanlar özlərini jurnalist kimi qələmə verdiyi, maraqlı rakurs tutub telefonla foto çəkib instaqramda “ürək”lər yığanlar özlərini fotojurnalist, tvitterdə hansısa siyasi proseslə bağlı paylaşdığı fikrə bir neçə reaksiya alanlar özlərini analitik jurnalist kimi təqdim etməyə və hazırladığı kontentin mütləq həqiqət olduğunu yeritməyə başladığı bir dövrə qədəm qoymuşuq. “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlaması da 10 il əvvəl məhz belə bir xaotik, sosial şəbəkələrin ənənəvi medianı sıxışdırmağa başladığı bir dövrə təsadüf etdi.
Ötən əsrdə çap maşınlarının şaqqıltılı səsləri altında yığılıb tərtib olunmuş Azərbaycanın "Kütləvi informasiya vasitələri haqqında" qanunun sosial mediada səpələnən iftiraları, bir noutbuk və istifadəçisindən ibarət “redaksiya heyətinə” malik xəbər saytlarının dezinformasiyalarını kənardan çarəsiz şəkildə izlədiyi bir dövrdə meydana atılan "Report" yalnız doğru olanları dərc eləmək missiyasını üzərinə götürdü.
Müxtəlif saytlar oxucu yığmaq üçün xəbər başlıqlarının başına min oyun açırdısa, “Report” əldə etdiyi məlumatı operativ şəkildə dəqiqləşdirib yayaraq öz auditoriyasını formalaşdırmağa müvəffəq oldu.
Elə buna görədir ki, ölkənin xəbər resursları könül rahatlığı ilə “Report”un xəbərlərini istinadla dərc etməyə başladılar. İstinadlar artdıqca məsuliyyət də artdı. Çünki, indi istənilən bir səhv tək “Report”da deyil, onlarla digər xəbər portallarına da yayıla bilər...
Elə buna görədir ki, sadiq oxucular sosial şəbəkələrdə yayılan məlumatı doğrulamaq üçün Report.az-a daxil olmağa başladılar. Hətta başqa bir xəbər saytında da şübhə doğuran xəbərlə qarşılaşanda onu “Xəbər doğrudursa, Report.az-da olacaq” deyibən yoxlayanların sayı günü-gündən artmağa başladı. Bunu statistik rəqəmlər də sübut edir – uzun illər ərzində “Report”un oxucu kütləsinin 90 faizə qədərini sosial şəbəkədən, reklamdan yox, məhz birbaşa sayta daxil olanlar ("direct" deyirlər buna) təşkil edib. Bu rəqəmlə bu gün də fəxr edə bilirik...
Hər mübarizənin bir dinclik dövrü var, xəbər axınının isə əsla. Ona görə də “Report”çular ötən 10 il ərzində Allah verən hər günün 24 saatı növbələşərək fasiləsiz xəbər axınının təmin olunması üçün çalışdılar.
“Report” xəbər istehsalına başladığı ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında baş verən bütün mühüm hadisələri hərtərəfli, detallı işıqlandırmağı qarşısına məqsəd qoydu. Fəaliyyətə başlamağının heç 1 ili tamam olmamış ölkə tarixində ən irimiqyaslı idman hadisəsi – Bakıda I Avropa Oyunları təşkil olundu. Yarış günləri “Report”un idman bölməsindən başqa həm siyasət, həm iqtisadiyyat şöbəsinin əməkdaşları idman yarışlarının keçirildiyi meydanlardan xəbər ötürdü, reportaj və müsahibələr hazırladı. Nəticədə, Oyunlar keçirilən müddətdə “Report” vasitəsilə 2 mindən çox xəbər yayıldı. Bu, media üçün rekord göstərici idi. Heç bir fədakarlıq nəticəsiz qalmır – həmin ilin yekunlarına görə, “Report” idman üzrə ilin ən yaxşı informasiya agentliyi seçildi. İdman üzrə ixtisaslaşmamış, cəmi 1 il fəaliyyət göstərən bir xəbər agentliyi üçün bu, doğru yolla getdiyinin göstəricisi idi.
Növbəti illərdə də “Report”un Azərbaycanın media məkanındakı uğurlu fəaliyyəti yüksək qiymətə layiq görülüb. Agentliyin əməkdaşları müxtəlif qurumlar tərəfindən təşkil olunan bütün müsabiqələrdə fərqlənməyi bacarıblar. “Report”un mövqeyini nümayiş etdirən daha bir göstərici kimi isə ötən il Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdı olan “NETTY" qalibi olmasını göstərmək olar. Belə ki, “Report.az” "NETTY 2023” Milli internet-mükafatının İnformasiya və Xəbərlər nominasiyası üzrə ölkənin ən yaxşı saytı seçilib.
Ümumiyyətlə, hər bir taleyüklü məqamda “Report”çular çiyin-çiyinə işləyib. Bu keşməkeşli işin ən müqəddəs zirvəsi isə Vətən torpaqlarının azad olunması xəbərlərinin Azərbaycan xalqına çatdırılması idi. “Report” bu qürurlu prosesi lap əvvəlindən işıqlandırıb – dörd günlük Aprel döyüşlərini anbaan izləyən “Report” Lələtəpəyə sancılan Dövlət Bayrağımızın görüntüsünü yayan ilk media oldu. Lələtəpədə dalğalanan o bayraq Qarabağa böyük qayıdışımızın müjdəçisi oldu.
Nəhayət, o gün yetişdi və Azərbaycanın Zəfər yürüşünə qoşulduq. Həmin günlər “Report”çular bir komandadan daha artıq, bir yumruq kimi media savaşı meydanına atıldılar. Bütün redaksiyanın toplaşdığı “Newsroom”da səsləndirilən “Nə xoşbəxtik ki, Azərbaycanın müqəddəs zəfərinin carçıları olmaq bizim qismətimizə düşüb” sözləri ilə 44 gün ərzində gecəli-gündüzlü, hər hansı növbətçilik qrafiki tərtib etmədən redaksiyanın hər bir üzvü Vətən müharibəsinin şanlı səhifələrini onlayn kətana həkk etdi.
Cəbhənin müxtəlif istiqamətlərinə ezam olunmuş Agentliyin müxbir, operator heyəti işğaldan qurtulan kəndlərimizdən reportajlar hazırlayır, Ordumuzun düşməndən qənimət kimi götürdüyü hərbi texnikanın görüntülərini lentə alırdı.
Döyüş meydanında məğlub olan ermənilər namərdcəsinə Azərbaycanın dinc yaşayış yerlərini hədəfə alırdı. Tərtər, Bərdə şəhərləri artilleriya yağışına tuturdu. Lakin bu nə yerli əhalini, nə mərmi partlayışları altında işləyən “Report”un çəkiliş heyətini qorxutmurdu. Erməni qəsbkarlarının Gəncə şəhərinə qarşı həyata keçirdiyi terror, dinc əhali yatan zaman xaincəsinə atdığı raketlər onlarla insanın həyatına son qoydu. Bu zərbələr də Azərbaycan xalqının qələbə əzmini sındıra bilmədi - bunu isə bütün dünyaya əyani şəkildə raket zərbəsindən sonra hadisə yerinə özünü çatdıran “Report”un çəkiliş qrupunun lentə aldığı balaca Bəxtiyarın təbəssümü göstərdi.
Fəaliyyətə başlamasının ilk illərindən bütün ölkə ərazisində müxbir postları yaradan “Report” nəhayət öz arzusunu reallaşdırdı – Qarabağda müxbir postu formalaşdırdı. Bu gün həm yerli büro, həm Agentliyin müxtəlif şöbələrinin ezam olunan əməkdaşları Vətən müharibəsindən sonrakı Qarabağın dirçəlişini işıqlandırır, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl dünya”ya çevrilməsini diqqətlə izləyir.
Ötən 4 il ərzində azadlığına qovuşmuş Qarabağın hər güşəsindən reportajlar hazırladıq, işğal zamanı viran qoyulmuş şəhər və kəndlərimizin əvvəlki halını və yenidən qurulması görüntülərini çəkdik, xüsusi təhlükəsizlik qaydalarını öyrənib ermənilərin miras qoyduğu mina problemi barədə silsilə materiallar hazırladıq, öz yurd-yuvalarına qayıdan soydaşlarımızın sevincinə şərik olduq.
Bütün bu keşməkeşli 10 illik yolu ərzində “Report” bir məktəbə çevrildi. Hər il milli mətbuat üçün onlarla gənc jurnalist hazırlayan “Report Media Məktəbi” ilə yanaşı, yolu bu redaksiyadan keçən hər kəs üçün bir məktəbə çevrilib - jurnalistin öz fəaliyyətində hansı dəyərlərə sadiq qalmasının vacib olduğunu əyani göstərən bir məktəbə.
İndi Azərbaycanın tarixində yeni dövr başlayır. Dünyanı cənginə alan qlobal problemlərə öz yanaşmasını nümayiş etdirib, həllinə imzasını atır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dünyanın ekoloji problemləri, öz imperialist keçmişindən əl çəkə bilməyən bəzi dövlətlərin xırda ada xalqlarına kolonialist yanaşmasının fəsadları və sair bu kimi qlobal məsələlərin həllində Azərbaycan öz kəsərli sözünü deyir. Belə bir həssas dövrə "Global Media Group" tərkibində daxil olan “Report” İnformasiya Agentliyi Azərbaycanın səsləndirdiyi həqiqətlərin qlobal səviyyədə başa düşülən rus və ingilis dillərində carçısına çevrilir.
Beynəlxalq arenada öz yerini möhkəmləndirməyi hədəfləyən agentlik "Global Media Group"un tərkibinə daxil olan digər şirkətlərlə birgə 2022-ci ildən keyfiyyətin idarə edilməsindən ətraf mühitin mühafizəsinə, əməyin mühafizəsindən təhlükəsizliyinə qədər ISO 9001, ISO 14001 və ISO 45001 beynəlxalq sertifikatlarına sahibdir və mütəmadi olaraq tələb olunan auditləri uğurla keçir. Azərbaycan mətbuatında ilk olan bu sertifikatlaşdırma agentliyin dünyanın aparıcı media qurumları ilə bir sırada qərarlaşması ilə bağlı gələcək hədəflərini müəyyən edir.
“Report”un xəbərləri ilə informasiya qidası alan hər kəsə sonsuz sayğılarla...