"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.
Müraciət edənlərdən 8 tələbə Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, bu proqrama qoşulmaq jurnalistikaya həvəsli olan hər bir kəsə peşənin sirlərini mənimsəməyə imkan verir:
“Hər bir medianın gənc jurnalist yetişdirmək kimi bir missiyası var. Agentlikdə yaradılan Report Media Məktəbində bu proses reallaşır. Təlimi uğurla bitirən jurnalistlərin həm “Report”da, həm də digər media qurumlarında işə düzəlmək şansı birə on yüksəlir. Vaxtı vaxtında təlimə gəlmək, təşəbbüskarlıq ifadə etmək, verilən hər bir tapşırığa ciddi yanaşmaq vacibdir. Xəbər verməkdə operativ olmaq uğurun yarısıdır”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tədris prosesində xeyli yeniliyin tətbiq edildiyini deyib: “İnternet dövrünün jurnalistikası dayanmadan dəyişir. Yeni dövran yüzlərlə tələbi var, bir prosesi öyrənib digərinə biganə qalmaq olmaq olmaz. İlk qruplarla müqayisədə bu gün Report Media Məktəbinin tələbələri daha çox iş görməli olurlar. Tədris proqramı xeyli ağırlaşıb deyə bir təlimi belə buraxmaq olmaz. Hər bir iştirakçı bu məsuliyyəti duymalıdır”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.