"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 12-ci qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.
Agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 10 jurnalistə sertifikat təqdim edilib.
Məzunlara sertifikat təqdim edilməsi mərasimində çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim proqramını bitirən məzunların jurnalist kimi formalaşması üçün tələb olunan bir neçə xüsusiyyəti qeyd edib:
“Jurnalistin həm marağı, həm də sualı çox olmalıdır. Çətin bir peşə seçmişiniz, çünki bizim bəzən nə gecəmiz, nə də gündüzümüz olur. Hazırda Şuşadan keçən Xankəndi-Laçın yolundakı aksiyada “Report”un da əməkdaşları var. Ağır şəraitdə, soyuqda prosesi işıqlandırırlar. Jurnalist peşə borcunu istənilən vəziyyətdə yerinə yetirməlidir”.
Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu baş verən yeniliklərdən danışıb:
“Report Media Məktəbinin tarixində ilk dəfə olaraq iki tələbəyə fərqlənmə sertifikatı verdik. İnarə Kazımova və Nəzrin Ağayevanın göstəriciləri, tədris prosesinə olan yanaşmaları buna imkan verdi”.
İ.Rafiqoğlu təlim boyu reallaşan tədbir və görüşlərin yüksək səviyyədə reallaşdığını qeyd edib:
“İştirakçılar birlikdə və ya ayrı-ayrı qoşulduqları tədbirlərdən maraqlı yazılar, xəbərlər hazırlayıblar. Gündəmdə olan hadisələri də dərindən analiz edib müzakirə etmişik.
"Report" İnformasiya Agentliyinin daxili siyasət şöbəsinin redaktoru, jurnalist Səid Qərib, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli, şair-yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, teleradioaparıcı Cavid Osmanov, Fotoqraflar Birliyi İdarə heyətinin təftiş komissiyasının sədri, tanınmış fotojurnalist Fərqanə Qasımlı ilə yaddaqalan görüşlər keçirilib.
Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.