Report Media Məktəbində 13-cü qrupun təlim proqramı yekunlaşıb

Report Media Məktəbində 13-cü qrupun təlim proqramı yekunlaşıb "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 13-cü qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.
Media
12 May , 2023 18:28
Report Media Məktəbində 13-cü qrupun təlim proqramı yekunlaşıb

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 13-cü qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.

Agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.

Məzunlarla görüşə gələn “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim prosesini xüsusi diqqətdə saxladığını qeyd edib:

“Bu qrupun işləri və hazırladığı xəbərlərlə daha sıx məşğul olmuşuq. Təlim iştirakçılarının başlanğıcda buraxdığı səhvlərin sonradan tədricən azaldığı dəqiq görünüb. Təlim prosesinə agentliyin bütün redaktorları cəlb olundu. Onlardan gələn tapşırıqların da yerinə yetirilməsində xeyli uğur əldə edə bilmisiniz. Düşünürəm, təlimlər sizə faydalı olub”.

Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, hər gənc jurnalist peşəni yalnız media mühitində mənimsəyə bilər:

“Report Media Məktəbinin məzunları arasında gələcəyin xeyli uğurlu jurnalistinin olacağını düşünürəm. Hər biriniz qazanılan biliyi daha da təkmilləşdirməyə can atmalısınız. Burada öyrənilən xəbər yazılışını mütləq praktikada tətbiq etməyiniz gərəkdir”.

 Murad Əliyev
Murad Əliyev

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu tətbiq edilən hər bir yeniliyin xəbər hazırlanmasına yaxşı təsir etdiyini vurğulayıb:

“Tədrisin keyfiyyətini artırmaq məqsədilə “Report”un bir sıra aparıcı jurnalistləri tələbələrlə görüşə gəliblər. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Pərvin Abbasov, idman şöbəsinin redaktoru Zaur Xudiyev, iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov, baş redaktorun müavini, multimedia şöbəsinin rəhbəri Cavid Osmanov, baş redaktorun iqtisadiyyat üzrə müavini İlahə Məmmədli və daxili siyasət şöbəsinin redaktoru İmdad Əlizadənin iştirakı ilə reallaşan təlimlər maraq doğurub. Hər təlimin sonunda qrup üzvləri redaktorlardan gələn tapşırıqların əsasında xəbər və ya süjet hazırlayıblar.

Effektivliyi artırmaq üçün həm də təlim müddətini bir qədər uzatmalı olmuşuq. Nəticədə müsbət tendensiya müşahidə edilib”.

İ.Rafiqoğlu təlim boyu bir sıra tədbir və görüşlərin keçirildiyini də vurğulayıb:

“Yazıçı-publisist, jurnalist Qurban Yaquboğlu, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, Oxu.az saytının baş redaktoru Ülvi Səfərov, yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu, jurnalist, teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu və tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə yaddaqalan görüşlər keçirilib.

Məzunlar həm qrup, həm də fərdi şəkildə bir sıra tədbirlərə, mətbuat konfranslarına qoşulublar”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi