Report Media Məktəbində 14-cü qrupun təlim proqramı yekunlaşıb

Report Media Məktəbində 14-cü qrupun təlim proqramı yekunlaşıb "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 14-cü qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.
Media
18 Avqust , 2023 17:54
Report Media Məktəbində 14-cü qrupun təlim proqramı yekunlaşıb

“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 14-cü qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.

Agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 8 jurnalistə sertifikat təqdim edilib.

Fuad Hüseynəliyev
Fuad Hüseynəliyev

Məzunlarla görüşə gələn “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim proqramının daha da maraqlı olması üçün bir sıra addımların atıldığını vurğulayıb:

“Bu qrupun məzunlarının uğurlu bir komanda olduğunu düşünürəm. Təlim prosesini bu dəfə bir qədər ağırlaşdırsaq da, işin öhdəsindən gələ bilmisiniz. Verilən tapşırıqları normal qaydada yerinə yetirmisiniz. Xəbər yazmağın, hansısa materialı hazırlamağın, qarşı tərəfə doğru sual verməyin sirlərini də mənimsəmisiniz. Report Media Məktəbinin məzunları kimi sizin gələcəkdə daha yüksək zirvələri fəth edənlərin sırasında olacağınıza ümid edirəm”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu 14-cü qrupun uğurlu bir tarixdə start götürdüyünü qeyd edib:

“Report Media Məktəbinin yaranmasının 5 illik yubileyi günü 14-cü qrupun fəaliyyətinə start verilib. “Report”un bir sıra aparıcı jurnalistləri ilə tələbələrin ənənəvi görüşləri də baş tutub. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Pərvin Abbasov, iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov, baş redaktorun müavini, multimedia şöbəsinin rəhbəri Cavid Osmanov, daxili siyasət şöbəsinin redaktoru İmdad Əlizadə, "Report"un fotojurnalisti Ehtiram Cəbi, "Report"un iqtisadiyyat şöbəsinin əməkdaşı Əşrəf Mehdiyevin iştirakı ilə reallaşan təlimlər maraq doğurub.

Təlim dövründə Report Media Məktəbinin tələbələrinə ilk dəfə olaraq rəsmi dövlət qurumunda - İpoteka və Kredit Zəmanət Fondunda (İKZF) təlim də keçirilib”.

İ.Rafiqoğlu təlim boyu bir sıra tədbir və görüşlərin keçirildiyini də bildirib:

“Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri Hüseyn Altınalan, “İrəli” İctimai Birliyinin mətbuat katibi Arif Rəhimli, radio və televiziya aparıcısı, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, yazıçı, publisist Samirə Əşrəf, Xalq şairi, yazıçı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə yaddaqalan görüşlər reallaşıb.

Məzunlar həm qrup, həm də fərdi şəkildə bir sıra tədbirlərə, mətbuat konfranslarına qoşulublar”.

Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi