Report Media Məktəbində 15-ci qrupun təlim proqramı yekunlaşıb

Report Media Məktəbində 15-ci qrupun təlim proqramı yekunlaşıb “Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 15-ci qrupunun təlim proqramı yekunlaşıb.
Media
29 Dekabr , 2023 15:12
Report Media Məktəbində 15-ci qrupun təlim proqramı yekunlaşıb

“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 15-ci qrupunun təlim proqramı yekunlaşıb.

“Report” xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.

Məzunlarla görüşə gələn “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev qrup üzvlərinin təlim proqramını mənimsədiklərini və uğurlu fəaliyyət göstərdiklərini qeyd edib:

“Təlimin nəticəsi göz qabağındadır. Bu qrupun 3 məzunu artıq agentlikdə çalışır. Onlardan biri Multimedia şöbəsində sosial media meneceri, ikisi isə rus redaksiyasında müxbir və tərcüməçi vəzifəsində işləyir. Report Media Məktəbinin sayca 15-ci qrupunda kifayət qədər savadlı, yüksək intellektual potensialı olan tələbələri aşkarlamışıq”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu təlimlərin effektli olduğunu, tələbələrin gələcəkdə normal karyera qurmasında əhəmiyyətli rol oynadığını vurğulayıb:

“Report Media Məktəbini bitirmiş Nəcməddin Quluzadə və Gülər Seymurqızı bu yaxınlarda “Report” İnformasiya Agentliyində çalışmağa başlayıblar. Daha bir neçə məzun isə ölkənin tanınmış agentlik və saytlarında işə düzəlib. Bacarıqlı gənclərə dəstək olmağa, onların barəsində yaxşı rəy verməyə hər an hazırıq”.

İ.Rafiqoğlu təlim boyu reallaşan bir sıra tədbir və görüşlərdən də danışıb:

“Report”un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini, multimedia şöbəsinin rəhbəri Cavid Osmanov, “Report"un redaktoru, xarici siyasət xəbərləri üzrə mütəxəssis Viktoriya Dementyeva faydalı biliklərini bölüşüblər.

Politoloq İlqar Vəlizadə, “Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş direktoru Anar Əzizov, Media.az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova, Caliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynovla keçirilən görüşlərdə jurnalistikanın bugünkü durumundan, xəbərin dəqiq və zamanında çatdırılmasının incəliklərindən danışılıb”.

Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi