"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 9-cu qrupunun təlim proqramı yekunlaşıb.
Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.
“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim kursunu uğurla bitirən məzunları təbrik edib:
“İnanıram ki, Report Media Məktəbində qazanılan biliklərin sizə gələcəkdə faydası olacaq. Ümid edirəm, ölkənin ən aparıcı informasiya agentliklərindən biri olan “Report”da qazandığınız təcrübənin köməyi ilə jurnalistikada özünüzə bir cığır aça biləcəksiniz. Hər birinizi təbrik edirəm, gələcək işlərinizdə uğur diləyirəm”.
Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu qrup üzvlərinin olduqca intensiv tempdə çalışdığını vurğulayıb:
“Report Media Məktəbinin heç bir qrupu bu qədər intensiv tempdə çalışmamışdı. Qrup üzvləri “isti” və “soyuq” xəbərdən tutmuş araşdırma yazısına kimi müxtəlif janrda özünü yoxlamaq imkanı əldə etdilər. Publisist, köşə yazarı Gülnarə Rəfiq, yazıçı-şair Cəlil Cavanşir, "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi ilə faydalı görüşlərimiz olub. Report Media Məktəbinin yetirməsi, “Report”un əməkdaşı Gülçin Cəmil ilə görüşdə o, son bir neçə ildə əldə etdiyi uğurunun sirrini bölüşüb. Təcrübəli jurnalist Təranə Abbasovanın televiziyaya həsr olunmuş master-klası da maraqla qarşılanıb”.
İsmayıl Rafiqoğlu Report Media Məktəbində baş vermiş bir neçə hadisəni də xatırladıb:
“Bu tədris dövrü iki hadisə yadda qaldı. Report Media Məktəbinin 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanan üzvü Elmir Həsənova o dövrdə təqdim edə bilmədiyimiz sertifikatı vermişik. Döyüşdə yaralanmış, “Hərbi xidmətlərə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə mükafatlandırılmış Elmirlə görüşmək olduqca xoş oldu.
Bundan əlavə Report Media Məktəbinin ilk qrupunda təlim kursu keçmiş Nəzrin Abdullayevaya 2018-ci ildə almalı olduğu sertifikatı bu gün təqdim etmişik”.
Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.